1932-ci ildə bir türk qızının "Dünya gözəli" müsabiqəsinin qalibi olduğunu bilirsinizmi?
29 oktyabr 1923-cü ildə qurulan Türkiyə Cümhuriyyətinin ilk gözəllik müsabiqəsi 1929-cu ildə keçirilib. Hökumətin də dəstəklədiyi bu müsabiqənin qalibi Feriha Tevfik olub.

Elxeber.com Türkiyə mətbuatına istinadən məlumat verir ki, 1930-cu ildə dostlarının israrı ilə müsabiqəyə müraciət edən Keriman Halis ailəsi icazə vermədiyi üçün ikinci turda iştirak edə bilməyib. 1932-ci ildə ailəsinin icazəsi ilə dördüncü dəfə təşkil edilən gözəllik yarışmasına qatılaraq qalib gəlib. O, 1932-ci ilin 31 iyul tarixində Belçikanın Spa şəhərində təşkil edilən ''Dünya gözəli'' müsabiqəsində Türkiyəni təmsil edib. Müsabiqədə qələbə qazanan Keriman Halis Türkiyə bayrağı ilə səhnəyə çıxıb və tamaşaçıları salamlayıb. O, səhnəyə çıxarkən ''Yaşasın Mustafa Kamal!'', ''Yaşasın Türkiyə gözəli'' süarları səsləndirilib.

Müsabiqədən sonra Türkiyəyə qayıdan Keriman Halis böyük coşqu ilə qarşılanıb və Mustafa Kamalın göstərişi ilə onun şərəfinə ziyafət təşkil edilib. Mustafa Kamal Atatürk bu dəvətdə Keriman Halisin alnından öpüb və "Sənə Ece deyəcəyəm" deyib. 1934-cü ildə qəbul edilən ''Soyadı Qanunu'' çərçivəsində Keriman Halisə Atatürk tərəfindən ''kraliça'' mənasına gələn ''Ece'' soyadı verilib.

Keriman Halis Ece gənc Türkiyə Cümhuriyyətini dünyaya tanıtmaq, sevdirmək və qəbul etdirmək üçün bir çox layihənin reklam siması olub. O, ölkənin kimliyini və digər ölkələr arasındakı yerini müəyyənləşdirməkdə mühüm rol oynayıb.
Keriman Halis Ecedən sonra 2002-ci ildə "Dünya gözəli" titulunu alan ikinci türk qızı isə Azra Akın olub.