Sığorta prinsipi ilə pensiya alan şəxslərə verilən 200 manat maddi yardım gələn ildən bərabər hissələrə bölünməklə pensiyaların tərkibinə daxil ediləcək.
Elxeber.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat" proqramında deyib.
Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı DSMF tərəfindən müvafiq layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. O bildirib ki, layihəyə əsasən, bu ilin əvvəlindən rüblər ərzində 50 manat şəklində ödənilən maddi yardım (ümumillikdə 200 manat) gələn ildən aylar üzrə bərabər şəkildə bölünərək pensiyanın məbləğində nəzərə alınacaq və növbəti ildən də indeksləşdirilməsi aparılacaq: "Qanunvericiliyə ediləcək dəyişiklikdən sonra həmin məbləğ aylar üzrə 16 manat 67 qəpik olmaqla pensiyalara əlavə ediləcək".