Son illər Azərbaycanda yay aylarında temperaturun 30 dərəcədən yuxarı olan günlərinin sayı iyunda 12, iyulda 2.4, avqustda 6 dəfə artıb. Bundan əlavə, son 5 ildə ölkədə yağıntıların miqdarı 4 faiz azalıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Xəzər dənizinin səviyyəsinə iqlim dəyişmələrinin və digər amillərin təsiri və mümkün uyğunlaşma imkanları" mövzusunda onlayn seminarda deyib.

U.Tağıyeva müxtəlif iqlim modelləri əsasında 2040-cı ilədək ölkədə gözlənilən orta temperatur artımları barədə məlumat verib. O bildirib ki, Böyük Britaniya Meteorologiya Təşkilatının İqlim Proqnozları və Tədqiqatları üzrə Hadli Mərkəzinin hazırladığı "HADGEM" modelinə görə 2040-cı ilədək ölkə ərazisində havanın temperaturunda 1-2 dərəcə artım gözlənilir. Almaniyanın Maks Plank Meteorologiya İnstitutunun hazırladığı MPI modelinə əsasən əksər rayonlarda 1-1.5, Abşeron və cənubda 0.5-1.5 dərəcə artım proqnozlaşdırılır. Amerikanın Noaa-GFD laboratoriyasının hazırladığı GFDL modelinə görə əksər rayonlarda 0.5-1, şimal rayonlarında 0.5-1.5 dərəcə artım olacağı ehtimal edilir.