ABŞ-da aparılan bir araşdırmaya görə, 2050-ci ilə qədər dünyada şəkərli diabetlə yaşayan yetkinlərin sayı iki dəfə artacaq və 1,3 milyard insan diabetdən əziyyət çəkəcək.

Yeni hesablamalara görə, 2021-ci ildə 529 milyon olan diabetli insanların sayı 2050-ci ildə 1,3 milyardı keçəcək.

Yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir.

Elxeber.com Türkiyə mediasına istinadla xəbər verir ki, mütəxəssislər diabetin dünyada əksər xəstəlikləri üstələyərək insanlar və sağlamlıq sistemləri üçün ciddi təhlükə yaratdığını bildiriblər.

BMT 2050-ci ilə qədər dünya əhalisinin təxminən 9,8 milyard nəfər olacağını təxmin edir.

Bu, o vaxta qədər hər yeddi və ya səkkiz nəfərdən birinin diabetlə yaşayacağını göstərir.

Tədqiqat müəllifləri bildiriblər: "Şəkərli diabet hallarının əksəriyyətini təşkil edən 2-ci tip diabetin qarşısını çox zaman almaq olar. Xəstəliyin erkən mərhələsində diaqnoz qoyulub idarə olunarsa, xəstəlik potensial olaraq geri qaytarıla bilər. Bütün dəlillər göstərir ki, bir çox amillərin səbəb olduğu piylənmənin artması səbəbindən diabetin yayılması da genişlənməkdədir".

Araşdırmaçılar bildirib ki, etnik azlıq qruplarının üzləşdiyi struktur irqçilik və “coğrafi bərabərsizliklər” bütün dünyada diabet, xəstəlik, xəstələnmə və ölüm nisbətini sürətləndirir.