Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 104 il ötür.
28 May – Respublika Günü ölkəmizin tarixinə qızıl hərflərlə həkk olunmuş, Azərbaycan vətəndaşlarının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.
1918-ci il mayın 27-də Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası elan edib. Bununla da, əslində Azərbaycanın tarixində parlamentli respublikanın bünövrəsi qoyulmuş oldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Mayın 28-də Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi.
Görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının mübarizəsi nəticəsində cümhuriyyətin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
Cümhuriyyətin ömrü uzun olmasa da, qısa bir müddət - 23 ay ərzində çox böyük işlər görə bilib. Bu qısa dövrdə dövlət bayrağı, dövlət himni və gerbi, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edilib. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.
Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı.
Müstəqil dövlətimizin süqutu AXC-nin başlatdığı geniş proseslərin yarımçıq qalmasına səbəb oldu. Azərbaycan Xalq Cümhuriyyəti sovet Rusiyasının hərbi təcavüzü - işğal faktı nəticəsində 1920-ci il aprel ayının 28-də süquta uğrasa da, tarixi əhəmiyyətə malik olan mühüm dövlətçilik ənənələri yaradaraq idarəetmə mədəniyyəti formalaşdırdı. Xalq Cümhuriyyətinin yaratdığı ənənələr xalqımızın zəngin dövlətçilik təcrübəsinin mühüm tərkib hissəsini təşkil edir.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrini uğurla yaşadır və yeni çalarlarla zənginləşdirir.