“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və cari ilin ilk üç ayı üzrə fəaliyyətlə bağlı mayın 2-də keçirilən mətbuat konfransında deyib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini bildirib: “Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına cari il üzrə edilən sayca 5-ci dəyişiklikdir. Çalışırıq ki, tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalsın. Məqsədimiz tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətlərin vətəndaşlara əlçatanlığını təmin etməkdir. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90 faiz arası dəyişəcək. Maliyyə imkanları artdıqca çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək. Nəzərdə tutulan maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribi 100 milyon manat təşkil edir. Qaydaya dəyişikliklərin 2022-ci ilin 1 iyun tarixinədək qüvvəyə minməsi nəzərdə tutulur".
Qeyd edək ki, bundan əvvəl səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına edilən digər bir dəyişiklik səhiyyə işçilərinə bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmi dərəcələrə görə ödənilən əlavələrin məbləğlərinin artırılması ilə bağlı olub. Belə ki, elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə ödənilən əlavələr 20 manat artırılaraq, müvafiq olaraq 100 və 60 manata çatdırılıb.
Bundan başqa, reanimasiya, intensiv terapiya və anesteziologiya, toksikologiya şöbələrində, intensiv terapiya bölmələrində çalışan həkimlərə həm gecə, həm də gündüz növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat ödəniləcək. Bundan əvvəl hər pasiyent üçün həmin şöbələrdə çalışan həkimlərə yalnız gecə növbəsi zamanı tibbi xidmət göstərilən zaman əlavə ödənilirdi.