ABŞ Rusiyadan neft, qaz və kömürün idxalına qadağa qoyub.
Elxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlamanı Ağ Evdə Ukrayna ətrafındakı vəziyyətlə bağlı çıxışı zamanı ABŞ prezidenti Co Bayden verib.
ABŞ-ın Rusiya iqtisadiyyatının arteriyalarından birini hədəf aldığını bildirən Bayden, "Rus nefti, qazı və kömürünün idxalını qadağan edirik. Rusiya nefti artıq ABŞ limanlarında qəbul edilməyəcək",-deyə bildirib.
Bu addıma ABŞ Konqresi və xalqından böyük dəstək olduğuna diqqət çəkən Bayden bildirib:"Avropalı tərəfdaşlarımızın və müttəfiqlərimizin bu addımı atarkən bizimlə eyni mövqedə olmamağını anlayırıq. ABŞ öz daxilində bütün Avropa ölkələrindən daha çox neft hasil edir".
Qeyd edək ki, Rusiya ABŞ-ın ən çox neft və neft məhsulları idxal etdiyi 3-cü ölkədir.
Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, Birləşmiş Ştatlar neft və neft məhsullarının böyük hissəsini keçən il Kanadadan idxal edib.
İkinci sırada Meksika yer alıb. Rusiya isə ABŞ-ın keçən il ən çox neft və neft məhsulları idxal etdiyi 3-cü ölkə olub.
ABŞ 2021-ci ildə Rusiyadan gündəlik 672 min barel neft və neft məhsulları idxal edib.
ABŞ-ın neft və neft məhsulları idxalının təxminən 8 faizi Rusiyadan qarşılanır.