Ağ Ev iqlim böhranının təsirlərini yumşaltmaq üçün Günəş işığının qarşısını almağın yollarını araşdıracaq.

Elxeber.com xarici mətbuata istinadla yazır ki, layihə atmosferdə istixana qazlarının yaratdığı istiləşməni azaltmaq üçün Yerə çatan günəş işığının miqdarını dəyişdirməyi hədəfləyir.
Belə ki, Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsi bu istiqamətdə hazırlanmış 5 illik tədqiqat layihəsini koordinasiya edəcək.

Layihə atmosferdə istixana qazlarının yaratdığı istiləşməni azaltmaq üçün Yerə çatan Günəş işığının miqdarının dəyişdirilməsi ideyasına əsaslanır.

Tədqiqat planına günəş işığını kosmosa qaytarmaq üçün atmosferə hissəciklər səpmək və bunun Yer üzündə mümkün nəticələrinin qiymətləndirilməsi daxildir.

Bu üsul müxtəlif qaz və hissəciklərdən ibarət incə dumanı təyyarələrlə atmosferin stratosfer təbəqəsinə yaymaq deməkdir.

Bəzi elm adamları bu yolla günəş işığının bir hissəsinin kosmosa geri qayıdacağına və planetin soyuyacağına inanırlar.

Ancaq belə bir ssenaridə hansı qazların və hissəciklərin istifadə edilməsi illərdir müzakirə mövzusu olub.

Sözügedən ideya ilk dəfə 1989-cu ildə Harvard Universitetinin professoru Devid Kit tərəfindən irəli sürülüb. O vaxtdan bəri vaxtaşırı qeyd olunsa da, bir çox ekspert bu fikrə şübhə ilə yanaşır.

Günəşdən gələn işığın bir hissəsinin qarşısını almaq ideyası Cənubi Afrika alimlərinin apardığı araşdırma ilə 2020-ci ildə də gündəmə gəlib.

Keyptaun Universitetinin alimləri şəhərin üstündəki atmosferə böyük miqdarda kükürd dioksid qazı buraxmaqla Günəşi həmişəlik “qaraldıb” su ehtiyatlarını qorumaq üçün plan hazırlayıblar.

Bu planın 2100-cü ilə qədər su qıtlığı riskini 90 faiz azaldacağı bildirilib.

Lakin bir çox ekspertlər bu fikrə qarşı çıxıblar. Bildirilib ki, kükürd qazı texnikasının ətraf mühitə və insan sağlamlığına zərərli təsirləri ola bilər.