Ermənilərin törətdiyi Ağdaban soyqırımından 30 il ötür.

Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum ediblər. Kənd əhalisi başıaçıq-ayaqyalın qarla örtülü meşələrə, dağlara dağılıb. Kəndləri müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Erməni daşnakları Ağdaban kəndinə soxularaq 130-dan çox evi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutublar. Onlar yaşlı, qoca, qadın, uşaq demədən dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törədiblər.

Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdır. Həmçinin, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür.

Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olmuşdur. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırmış, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələmiş, özünü isə kartof quyusunda diri-diri basdırmışlar.
Ağdaban faciəsinə görə cəzalandırılmayan erməni separatçıları bütövlükdə Kəlbəcərin işğalı üçün planlar hazırlayıblar.
Faciənin ağır müsibətlərini yaşamış, evləri viran qoyulmuş ağdabanlılar doğma kəndlərini tərk etmirlər. Ağdaban camaatı kəndi yenidən bərpa edib yaşamağa başlayır. Lakin 1993-cü il mart ayının 27-də erməni separatçıları Kəlbəcər rayonuna hücum edən zaman işğalı yenidən Ağdaban kəndindən başlayır. Erməni silahlıları yenidən kəndə hücum edərək onu viran qoyurlar. Beləliklə də, onlar Ağdaban kəndində ikinci faciəni törədirlər. Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il aprel ayının 2-dək erməni silahlı birləşmələri tərəfindən tamamilə işğal edilir.  

Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə alıbmış. Erməni quldurları tərəfindən Ağdabanda tarix, memarlıq və mədəniyyət abidələri də dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunaraq məhv edilib.
 Bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsli davamçısı olub. Bu ocaq mənəviyyatımızın beşiyi kimi erməniləri ciddi narahat etdiyindən onlar Azərbaycan ədəbiyyatına misilsiz töhfələr vermiş, xalqımızın mənəvi xəzinəsi olan Ağdabanlı şair Qurbanın və onun oğlu klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını yandıraraq bu nəhəng söz sərraflarının bədii irsini, bütün külliyatını məhv ediblər. Elxeber.com