Filologiya elmləri doktoru, Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev sosial media hesabında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü və 1950–1958-ci illərdə bu qurumun prezidenti olmuş akademik Musa Əliyevin akademiya ilə bağlı qələmə aldıqlarından paylaşım edib.

Paylaşımı təqdim edirik.  

Akademiyanın tarixindən:

1950-1958-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti, akademik Musa Əliyevin xatirələrindən:

“Akademiyanın necə inkişaf etdiyi haqda çox danışmaq olar. Mən Akademyaya rəhbərlik etməyə başlayanda cəmisi 1050 işçisi vardı. Onlardan yalnız 30 faizi azərbaycanlılar idi. 1953-cü ildə Akademiyada artıq 1600 nəfər çalışırdı.Azərbaycanlılar 50 faiz təşkil edirdilər. Heç bir səhlənkarlığa yol verməmək, özümü zərbə altında qoymamaq, tənqidə meydan açmamaq üçün gecəni gündüzə qatıb işləyirdim. Amma hamısı əbəs imiş! Mir Cəfər Bağırov məni tora salmaq üçün daim yollar axtarırdı. Sonda istədiyi tələni qurdu.
1953-cü ilin fevralında səhər iş otağımdakı hökumət telefonu zəng çaldı.

-Qulaq as, Əliyev, - dəstəkdə Bağırovun tanış səsi eşidildi.

- Yanımda söhbətimizin şahidləri - Quliyev, Yaqubov, Həsənov, Qafarzadə oturublar. Sənə Mirəsədulla Mirqasımovu, Səməd Vurğunu, Mirzə İbrahimovu, Qazıyevi akademik adındam məhrum etməyi tapşırıram. Eləməsən, özünü partiyadan çıxaracağam. Üstəlik son xəbərdarlıqla töhmətin də var. Partiya üzvü olmayan adam isə bildiyin kimi, Akademiyaya rəhbərlik edə bilməz. Mən sözümü dedim. Yerinə yetirməsən, özündən küs!

Keçmiş prezidentlər Bağırovun göstərişi ilə akademikləri elmi addan məhrum edirdilər. Belə presedent vardı. Mənə qədər ədəbiyyatşünas-alim Məmməd Arif Dadaşzadəni, geoloqlar Ələşrəf Əlizadəni və Əhəd Yaqubovu Akademiyadan çıxarmışdılar. Bu adamlara münasibət fərqli ola bilər. Lakin onları Akademiyadan xaric etmək qanunsuzluq idi, elmi təşkilatın nizamnaməsinə zidd idi. Xalq düşmənlərini, satqın və xəyanətkarları, dövlətin əsasını dağıdanları bu şəkildə cəzalandırmaq olardı. Alimləri yox. Yadımdadır, bir dəfə Səməd Vurğun məndən soruşdu: “Əgər məni həbs etsələr xalq düşməni olduğuma inanarsan?”