Azərbaycanda ali məktəblərdə qış tətilinin müddəti uzadıla bilər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu təkliflə çıxış edib.

Koronavirusun "omikron" variantına ölkəmizdə yoluxmanın pik həddinə çatmaqda olduğunu deyən komitə sədri ali məktəblərdə qış tətilinin fevralın 15-də bitdiyini xatırladıb: "omikron ştamı yüngül klinik əlamətlərlə, az ağırlaşma ilə müşahidə olunsa da, yüksək yoluxuculuq xassəsi ilə fərqlənir, remissiya dövrü qısadır, az vaxtda çoxlu sayda insanların yoluxmasına səbəb olduğundan iş və tədris rejiminin pozulmasına səbəb olur. Buna görə də "omikron" infeksiyasının geniş yayılmasının qarşısının alınması dünyada sərt lokdaunla deyil, lokal qapanmalarla daha effektiv hesab edilir. Azərbaycanda belə lokal qapanmaları ayrı-ayrı orta məktəblərdə, siniflərdə və uşaq bağçalarında görürük. Ali məktəblərdə qış tətili fevralın 15-də bitir. Yeni təhsil sessiyasının başlanması epidemiyanın pik dövrünə təsadüf etdiyindən gələn həftələr içərisində yeni alovlanma ilə qarşılanma təhlükəsi yox deyil".

M.Quliyev bildirib ki, bir qrupda, fakültədə, kursda onlarla tələbənin və müəllimin yoluxma ehtimalı olduqca yüksəkdir.  Qeyd edib ki, hər yoluxan şəxsin və onunla yaxın təmasda olanların azı 1 həftəlik izolyasiyası əyani təhsil prosesinin bir çox universitet və kolleclərdə pozulmasına səbəb olacaq, üstəlik infeksiya auditoriyalardan evlərə daşınacaq: "Bunun dərman, müalicə xərclərini, bərpa dövründə tələbənin təhsilalma keyfiyyətinin də aşağı düşəcəyi ehtimalları nəzərə alanda qarşılaşacağımız çətinliyin miqyasının daha da böyüyə biləcəyini söyləmək mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq təklif edirəm ki, təhsil müəssisələrində qış tətiinin müddəti 7-10 gün uzadılsın, yaxud yaz sesiyasının dərsləri fevral ayının sonuna kimi yalnız onlayn qaydada keçirilsin. Lazımi lokal qapanma, vaksinasiya və qorunma tədbirlərini həyata keçirməklə yaxın 10-15 gündə omikronun yoluxma intensivliyinin enişini müşahidə edə biləcəyik".