AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərəcək Qarabağ arxeoloji ekspedisiyası yaradılır.

AMEA-dan Elxeber.com-a verilən məlumata görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar verilib.

Qeyd olunub ki, yeni qərarda məqsəd bu istiqamətdə həyata keçirilən arxeoloji qazıntıların və tədqiqatların ardıcıl və sistemli şəkildə təşkil edilməsidir.

AMEA prezidenti İsa Həbibbəyli bildirib ki, hazırda Azərbaycanda dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlıdır: "Bu istiqamətdə həyata keçirilən tədbirlərin mühüm bir hissəsini Qarabağın və Şərqi Zəngəzurun qədim və zəngin mədəniyyətinin öyrənilməsi təşkil edir. Bu məqsədlə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Qarabağ və Şərqi Zəngəzur ekspedisiyası fəaliyyət göstərir".

O bildirib ki, ekspedisiya hazırda işğaldan azad olmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda arxeoloji qazıntıların və tədqiqatların həyata keçirilməsi, maddi mədəniyyət abidələrinin müəyyənləşdirilməsi, eyni zamanda erməni vandalizminin izlərinin aşkarlanması sahəsində uğurla fəaliyyət göstərir.