Ana südü körpənin böyüməsi üçün ən vacib qida hesab edilir və unikal tərkibə malikdir. Körpəni infeksion xəstəliklərdən, allergiyadan, disbakteriozdan qoruyur. Ana südü körpənin mədə-bağırsağı daxil olmaqla bütün orqan və toxumlarının ehtiyac duyduğu vitaminlərlə zəngindir.

Elxeber.com xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ana südünün faydaları ilə bağlı məlumat paylaşıb.

Materilada vurğulanıb ki, ana südünün tərkibində olan zülallar körpənin orqanizminin inkişaf etməsi üçün lazım olan ən vacib qidadır. Belə ki, ana südündə olan yağların xüsusi tərkibi var. Bu yağlar zəif qatılığa malik olur və suda asanlıqla həll olur. Tərkibində olan yağ turşuları inək südünün tərkibində olan yağ turşularından 2 dəfə çoxdur. Ana südünün tərkibində olan karbohidratların 90 faizi laktozadan ibarətdir. Laktoza körpənin nazik bağırsağından zəif sürətlə sorulur və yoğun bağırsağa tam şəkildə keçir. Bu da körpənin bədənində mikroorqanizmlərin inkişaf etməsinin qarşısını alır. Ana südü ilə böyüyən uşaqlarda bağırsaq infeksiyası xəstəlikləri müşahidə edilmir. Eyni zamanda südün tərkibində olan karbohidratlar, minerallar və laktoza körpənin boyartımını sürətləndirir. Tərkibindəki dəmir, sink və digər mikroelementlər isə körpənin sağlam böyüməsinə səbəb olur. Ana südü uşağın mərkəzi sinir sisteminin, görmə qabiliyyətinin və immun sisteminin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir, gələcəkdə piylənmənin, şəkərli diabetin, hipertoniya və digər xəstəliklərin inkişafının qarşısını alır. Eyni zamanda ananın sağlamlığına müsbət təsir göstərir.

Ana südünün tərkibində uşağın immunitetini qaldıra biləcək xüsusi aktiv maddələr və hüceyrə elementləri var. Bu süd ilə böyüyən uşaqların fiziki gücü və əsəb-sinir sistemi daha sağlam olur. Belə uşaqlarda raxit, anemiya, ağciyər xəstəlikləri, kəskin respirator virus xəstəlikləri, allergik reaksiyalar nadir hallarda müşahidə edilir.