Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) xaricdə təhsil almış gənclərin iş və karyera imkanlarının yaxşılaşdırılması, xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkəyə ixtisaslı kadrlar olaraq qayıtması və yerli əmək bazarına inteqrasiyasını təmin etmək məqsədilə bir çox layihələr həyata keçirir.

Elxeber.com xəbər verir ki, bu cür layihələrin davamı olaraq ASAP dünyanın 50-dən çox ölkəsində 90-dan çox ofisi ilə fəaliyyət  göstərən  Boston Consulting Group (BCG) beynəlxalq şirkətinin Bakı ofisi ilə ilk dəfə olaraq birgə onlayn tədbir keçirib.
Müxtəlif xarici ölkələrdə təhsil alan  130-dan çox azərbaycanlı  məzun və tələbə ilə  BCG Bakı ofisinin nümayəndələri görüşüb. Görüşdə BCG Bakı ofisinin rəhbəri və əməkdaşları şirkətin fəaliyyəti, məqsədi, karyera imkanları və iş mədəniyyəti ilə bağlı iştirakçılara məlumat verib və təcrübələrini bölüşüblər. Bildirilib ki, BCG Azərbaycan iqtisadiyyatının bütün sahələrində fəaliyyət göstərən şirkətlərlə işləyir.  Şirkətin əsas məqsədlərindən biri ölkəmizdə güclü, dinamik yerli kadr bazasının yaradılmasına töhfə verməkdir. Həmçinin qeyd edilib ki, hazırda BCG Bakıdakı komandasına konsaltinq, inzibatçılıq bölmələrinə qatılacaq ixtisaslı kadrların axtarışındadır. 
Sonda şirkətdə olan vakant yerlər, işə qəbul və təcrübə proqramları ilə bağlı  tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, ASAP tərəfindən “Karyera akademiyası”  çərçivəsində xaricdə təhsil alan və təhsilini başa vurmuş gənclərə dəstək məqsədilə gələcəkdə də digər sahələri əhatə edən davamlı və genişmiqyalı layihələrin keçirilməsi nəzərdə tutulub.