Astarada sərhədçilər üç nəfəri narkotiklə yaxalayıblar. Saxlanılanlar sərhədçilərə silah və avtomobillə müqavimət göstərməyə cəhd ediblər.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Məlumatada qeyd edilib ki, aprel ayının 21-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Xəzər dənizinin sahilində “Opel Astra” markalı 99-RJ-503 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və içərisindən iki nəfərin düşərək sahibsiz yarımtikilidən bir ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Ərazidən uzaqlaşmağa cəhd edən şəxslər sərhəd naryadı tərəfindən saxlanılıb, onların Bakı şəhər sakinləri, 1994-cü il təvəllüdlü Albabayev Ramal İsrail oğlu və Bəxtiyarov Hüseyn Əlixan oğlu olmaları müəyyənləşdirilib.
Saxlanılma zamanı R.Albabayevin sərhədçilərə bıçaqla müqavimət göstərməsinə baxmayaraq sərhədçi zabitlər peşəkarlıq nümayiş etdirərək cinayətkarı tərksilah etməyə nail olublar.
Nəqliyyat vasitəsini sərhədçilərin üzərinə sürərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən avtomobilin sürücüsü həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü İbrahimov Sultan Qabil oğlu olması müəyyən edilib.
Saxlanılmış şəxslərin üzərlərində aşkarlanmış bağlamaya baxış zamanı üç bükümdən 7 kiloqram 755 qram “marixuana”ya bənzər narkotik vasitə götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.