Ata ilə qurulan münasibət uşağın xarici dünyaya açılan qapısıdır...

Həyatımız boyu əldə etdiyimiz davranış formalarının əksəriyyətini 6 yaşına qədər əldə etdiyimizi bilirdinizmi? Bəs, atalar bu dövrdə nə dərəcədə iştirak edirlər? Cəmiyyətimizdə uşaqlara 0-6 yaş arası ilkin qayğının anaya məxsus olması, atanın bir az arxa planda qalması kimi fikir var. Ancaq atanın ikinci planda qalması və uşağın inkişafında yalnız avtoritet kimi mövqe tutması “anaya yapışan uşaq” anlayışını yaradır.

Bəs, sağlam ata-övlad münasibəti necə olmalıdır?

Uşağın xarakterinin inkişafına atanın təsiri nədir?

Atanın münasibəti uşağın gələcəyini necə formalaşdırır?

Elxeber.com “TRTHABER”-ə istinadla mövzu ilə bağlı araşdırmanı verir.

Cəmiyyətimizdə ana ilə bağlılığın ata ilə uşaq arasındakı münasibəti ikinci plana atması adi və hətta qəbul edilən bir vəziyyətdir. Yaxşı, bu vəziyyət nə dərəcədə sağlamdır? Atanın arxa planda olması “anaya bağlı”, başqa sözlə, “anadan asılı” uşaqların böyüməsinə yol açırmı? 

Mövzu ilə bağlı sualları uzman psixoloq Seda Aydoğdu cavablandırıb.

Psixoloq bildirib ki, ailə dinamikası və sağlam uşaq böyütmə modeli çərçivəsində baxıldığında ata arxa planda deyil, əksinə ana-ata münasibəti mütəxəssislərin ən çox önəm verdiyi valideyn münasibətləri sırasındadır: “Valideynlərin münasibəti uşaqların xarakterinin formalaşmasında aparıcı rol oynayır. Buna görə də, yanlış qurulmuş ata-övlad münasibətləri təmiri çətin olan nəticələrə səbəb ola bilər”. 

Mütəxəssislərin fikrincə, “ata” uşağın xarici aləmə keçidini simvolizə edir. Seda Aydoğdu atanın uşağın xarakterinin inkişafına necə təsir etdiyini belə izah edir: Psixoloq bildirib ki, uşağın atası ilə münasibəti nə qədər güclü olarsa, onun xarici dünya və başqaları ilə münasibəti bir o qədər sağlam olar: “Ata ilə qurulan münasibət xarici dünyaya açılan qapını təmsil edir. Ata uşağın həyatında qayda-qanunları təmsil edən şəxsdir. Lakin bu təmsilçilik cəza və qadağalardan uzaq, həvəsləndirmək və istiqamətləndirmək yolu ilə mövcud olarsa, uşağın özgüvəninin inkişafına və xarici dünya ilə sağlam münasibət qurmasına dəstək olar”.

Özünə inam, qətiyyət, özünü təsdiq etmək bacarığı... Bunlar sağlam ata-övlad münasibətinin uşaq üçün faydalarından yalnız bir neçəsidir... Bəs, bu münasibəti necə düzgün qurmaq olar? Yalnız qaydalar qoyan və cəzalandıran ata fiquru uşaqları bu qazanclardan nə qədər uzaqlaşdırır?

"Yalnız qaydalar qoyan, cəzalandıran, münasibət qurmaqdan uzaq ata övladının xarici dünya ilə münasibətində etibarsızlıq hiss etməsinə səbəb olar. Tənqid edən ata zamanla tənqid edən daxili səsə çevrilə bilər. Ona görə də, təkcə tənqid edən deyil, həm də övladının iradəsini həvəsləndirən, istiqamətləndirən bir ata uşaqlarının həm  həm inkişaf etməsinə, həm də başqaları ilə sağlam münasibət qurmağına kömək etmiş olar.

Ata ilə münasibət daxili səsimizin bir versiyası olan kişi səsini yaradır. Yetkinlik dövründə partnyor seçimində böyük rol oynayan bu daxili səs, uşaqlarımızın gələcəkdə hansı münasibətlər dinamikasında olacağına da işarə edir”. 

"O edə bilməz, bir ana olaraq uşağın ehtiyaclarını ən yaxşı şəkildə mən ödəyə bilərəm". Anaların bu düşüncəsi, ataların uşağa qayğı göstərmə qabiliyyətinə dair narahatlıq və şübhələr əslində ata-övlad münasibətlərini poza bilər. Seda Aydoğdu bu məqama toxunaraq bildirib ki, bəzən ana ataya çox yer vermir. O, atanın uşağın ehtiyaclarını ödəyə bilməyəcəyini və ya kifayət qədər həssaslıqla baxa bilməyəcəyini düşünür.

Onun sözlərinə görə, atalıq daha çox öyrənilmiş bir prosesdir və ataya yer verilməsi, uşaqla ikitərəfli münasibət qurması çox vacibdir. Bu baxımdan ananın bir az arxa plana keçməsi və ata-övlad fəaliyyətini dəstəkləməsi çox vacibdir: “İşlə məşğul olan atalar övladlarına vaxt ayırmaqda çətinlik çəkə bilər. Bu nöqtədə vacib olan "çox" vaxt deyil, "keyfiyyətli" vaxt keçirməkdir”.

Məsələn, həftədə bir saat, ata-uşaq oyun günü, kino günü, cizgi filmi günü ola bilər. Amma bunlar mümkün qədər rutin şeylər ola bilər. Çünki rutinlər uşaqların həyatı üçün çox önəmlidir. Ailə rutinə nə qədər çox əməl edərsə, uşaq həm xarici dünya ilə münasibətində, həm də ata ilə münasibətində bu nizam və tarazlığı qurmuş olar”.