Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümüdür.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülüb. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edilib. 

Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olunublar.

Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək cəsarət və igidlik göstərib, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın edib. 

Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələnib.

Amma keçən zaman öz sözünü dedi və Azərbaycan müstəqilliyini yenidən qazandıqdan sonra güclü nizami ordusunu qurdu. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş milli ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu.
Hərb tariximizin şanlı səhifəsi sayılan, bu gün 105 illiyini qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə atdığı addımların nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi ilə  bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. 

İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən hifz edəcək ordusuna güvənir. 105 yaşlı Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.

Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Ordumuza daim güclü olmağı və yeni-yeni uğurlar arzulayırıq!