Azərbaycan dünyanın ən qədim yaşayış məskənlərindəndir. Qədim insanlar burada Azıx, Tağlar, Zar, Buzeyir və Qazma mağaralarında yaşamış, Azərbaycanda yaranan qədim mədəniyyətlər burada yaşayan insanların ətraf ərazilərdə məskunlaşmasından sonra formalaşmışdır. Tədqiqatlar zamanı aşkara çıxarılan arxeoloji abidələr qədim dövrlərdən başlayaraq orta əsrlərə qədər Azərbaycan tarixinin əsaslı şəkildə, daha dərindən öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
Lakin təkcə arxeologiya elminin köməkliyi ilə qədim dövrdə baş verən hadisələri, insanların dünyagörüşünü öyrənmək qeyri-mümkündür. Xüsusilə adların mənası və yaranma etimologiyası düzgün müəyyən edilərsə, arxeoloji araşdırmalarda aşkarlanan abidələri də düzgün təhlil etmək mümkün olacaqdır. Tarixən yaranmış adların mənşəyi və mənası məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, ictimai-iqtisadi informasiyaların birbirini əvəz etməsi, adların dildən-dilə, nəsildən-nəslə keçməsi ilə əlaqədar bir qismi təhrifə uğramış və nəticədə, müxtəlif cür izah edilmişdir. Bunlardan biri də “Azərbaycan” adıdır. Yaqut-əl Həməvi “Azərbaycan” adını “bəzilərinin güman etdiyinə görə “azər”(atəş), “bayqan”(keşikçi) mənasında izah edərək bu adın mənasını buradakı məbədlərin çoxluğu ilə əlaqələndirmişdir. Abbasqulu ağa Bakıxanov isə bu adı “Azər və babacan” kimi mənalandıraraq “Babəkin atəşi” kimi ifadə etmiş və “Azərbaycan” sözünü etimoloji mənada atəşpərəstliklə əlaqələndirmişdir. Ümumiyyətlə, “Azərbaycan” adında sözün ilk mənalı tərəfi “as, az” sözüdür. “As, az” sözü Azərbaycan torpaqlarında qədim dövrlərdən formalaşmış “As” boyunun adını, həm də bu torpaqlarda yaranmış bir çox dövlətlərin və qədim tayfaların gerblərində (Kəngərlilər, Səfəvilər, Qacarlar, Əfşarlar və sair) əks olunan aslan təsvirini ifadə edir. (“As-lan” sözündəki-lan şəkilçisi qeyri-məhsuldar şəkilçidir. Azərbaycan və türk dillərində bu şəkilçi vasitəsi ilə adlar düzəlir. Məsələn, as-lan, qap-lan, top-lan, sırtlan, tər-lan). Buradan aydın görünür ki, “As” boy adı rəmzi məna ilə gerblərdə aslan təsviri ilə əbədiləşdirilmiş, ehtimal ki, Şərqdə yaranan, gerblərində aslan təsviri olan qədim dövlətlər öz dövlətçilik ənənəsini “As” boylarından götürmüşlər. Qədim dövrlərdə, eləcə də orta əsrlərdə hökmdarların erkək aslan heykəlləri ilə birlikdə təsvir edilmələrinin əsas səbəbi onları aslan kimi güclü təsvir etməklə yanaşı, hökmdarların öz şəcərələrini aslanla bağlamağın bir ifadəsi olmuşdur.
“Asər” sözündə “ər”, “igid, qüdrətli” mənasını ifadə etməklə yanaşı, cinsiyyəti də müəyyən edən sözdür. Mahmud Kaşğari “ər” sözünü “kişi” mənasında göstərmişdir. “Kişi” sözü həm də türk dilində “erkək” deməkdir və cinsiyyəti bildirir. Bu isə “asər” sözünün “erkək aslan” mənasında ifadə edilməsini göstərir. Qeyd etdiyimiz kimi, Səfəvi, Qacar, Əfşar, Kəngərlilərin və Qafqaz Albaniyasının gerbindəki erkək aslan təsvirləri “Asəri” sözünün başqa bir ifadəsidir. Fikrimizcə “ər” sözü omonim (dərvişlikdə ər(mək)) olduğu üçün zamanla “asər” sözünə “bəy” sözü artırılmış və bu söz “ər” sözünün cinsiyyət bildirməsini ifadə etmişdir. Bu mənada “Asərbəy” sözü “As boyunun ər (erkək, kişi) bəyləri” mənasını ifadə edir.
“Azərbaycan-Asərbəycən” sözündə “can, cən” milli mənşəli-cə(n) şəkilçisi kimi iştirak edir. Buradan aydın olur ki, “Asərbəycən (danışmaq)”, “As boyunun ər bəylərinin dilincə danışmaq” deməkdir. Bu məsələyə başqa mənalarda da aydınlıq gətirmək mümkündür. Məlumdur ki, “Azərbaycan” adı -stan şəkilçisiz işlənir. “Tacikistan”, “Türkmənistan”, “Qazaxıstan” və sair adlarda isə -stan şəkilçisi bu dövlətləri və burada yaşayan xalqların məskunlaşdığı yeri, məkanı bildirir. Burada “tacik-i”, “türkmən-i”, “qazax-ı” sözləri “tacik dilində”, “türkmən dilində”, “qazax dilində”(danışmaq) deməkdir. -İstan şəkilçisi ilə birlikdə “Tacikistan” “tacik dilində danışan insanların yaşadığı yer”, “Türkmənistan” “türkmən dilində danışan insanların yaşadığı yer”, “Qazaxıstan” “qazax dilində danışan insanların yaşadığı yer” mənasını ifadə edir. “Azəri-bəy” sözü isə -cə(n) şəkilçisi ilə işləndiyinə görə bu sözə əlavə -stan şəkilçisi qoşulmur və “Azərbaycan (dili)” “As ər bəylərinin dili” mənasında başa düşülür.
“As” boylarından bu günə kimi Azərbaycanda Astara, Astan, Astaf, Azok, Asok, Asnı, Aza, Asayaş, Asti, Azad, Asqəmər, Asabkəf, Astabad, Araz, Asak, Azadçıran kimi 50-dən çox məntəqə və nahiyə adları qeydə alınıb. “As” sözündən yaranan adlardan biri də “Azıx”dır ki, bu ad “Asların (aslanların) yaşadığı yer” mənasını ifadə edir.
Müqayisə üçün “Assuriya” adının da “As” boyunun adından yarandığını göstərmək olar. Assuriya dövlətinin adı “as” və ”suriya” sözlərindən yaranmışdır. Assurların öz paytaxtlarını “aslanlar yuvası” adlandırması , fikrimizcə “as” sözü ilə bağlıdır və bu mənada “Assuriya” “Suriya as(lan)ları” mənasını ifadə edir.
Qeyd edək ki, “Asiya” sözü də “As” və -(i)ya şəkilçisindən yaranmışdır (Parf(i)ya, Makedon(i)ya) və “Asların yurdu” mənasını ifadə edir. Fikrimizcə, Asiyada qurulmuş və Azərbaycan boyu olan “As” boyundan şəcərə götürmüş qədim dövlətlər “Asəri” adına birmənalı yanaşmamış, ərəblərin bu bölgəyə hücumlarına qədər “Asər” adı müstəqil xalq adı kimi mənbələrdə qabarıq şəkildə ifadə olunmamışdır. Ərəblərin Azərbaycana hücumlarından sonra formalaşmış “Azərbaycan” adı isə “Adərbayqan” kimi yazılmışdır. Ərəb dilində -z səsinin tələffüzü zamanı dilin üst damağa dəyməsi və -d kimi tələffüz edilməsi isə olduqca qədim dövrlərdən mövcud olmuş “Azərbaycan” adının “Adərbayqan” kimi deyilməsinə və yazılmasına səbəb olmuşdur.

Qədim dövrlərdən Azərbaycan dili yerli əhali arasında əsas ünsiyyət vasitəsi olmaqla yanaşı, bu dil “As” boylarının nəsilşəcərəsi iləhakimiyyət qurmuş dövlətlərinsaraylarında rəmzlərlə yaşadılmış, buna görə də bayraq və gerblərdəki aslan təsvirləri qədim “As” boyuna nəzərən təyin olunmuşdur. Təsadüfi deyil ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi “İsgəndərnamə” poemasında Nüşabə ilə İsgəndərin görüşü zamanı Nüşabənin dilindən ipək parça üzərində olan yazıya, yaxud təsvirə nəzərən deyir:
Erkək tinətliyəm olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz.
Dahi Nizami burada təkcə aslanların rəmzi mənada hakim heyvan olduğuna deyil, həm də “As” boyunun olduqca qədim tarixinə və “As” boyunun nəsil şəcərəsindən olan qadınların kişilərlə yanaşı, dövləti idarə etməkdə eyni hüquqa malik olduğuna işarə etmişdir.

Azərbaycan xalqının etnogenezində mühüm rol oynayan Oğuz türklərinin adı da “As” boyunun adı ilə bağlantılıdır. Əksər türkoloqlar bu sözü “qəbilə, tayfa” mənasını əks etdirən “ok”, və cəm şəkilçisi -uz hissələrinə ayırırlar. Qeyd edək ki, “ok-ox” sözü bu gün də türk və Azərbaycan dillərində işlənir və bu, atma silah növlərindən birinin adıdır. Bu gün dilimizdə işlənən “ox” sözü -lan şəkilçisinə qoşularaq “oxlan” sözünü yaratmış, bu sözdən isə -x, -ğ səs dəyişilməsi ilə “oğlan” sözü yaranmışdır (Gəncə dialektində “oğlan” sözü “oxlan” kimi tələffüz edilir). “Oğuz” sözündəki “us” sözü isə “as” deməkdir. Buradakı -s, -z samit səs dəyişilməsi və türk dilləri tarixində -z elementinin qoşa cəmlik bildirməsi “oğuz” sözünün “As oğulları” mənasını ifadə etdiyini göstərir. “Kitabi-Dədə Qorqud” dastanında Qazan xanın “Ağ sazın aslanında bir köküm var” sözü oğuzların soy-kökünü həm də Aslara bağlamağın başqa bir ifadəsidir. Oğuzlarda üç oğuz - “üç as oğulları”, doqquz oğuz - “doqquz as oğulları”, boz oxlar - “bozaran oğullar”(insanın üzünə bozaran, yəni dəlisov, kür oğlanlar) mənasını ifadə edir.
“Kitabi-Dədə Qorqud” dastanı Oğuz türklərinin “Rəməl” kitabında olduğu kimi, “Azərbaycan” adı da Böyük Azərbaycan türklərinin rəməl sözüdür. Bu adın hər hecasında qədim dövrləri ifadə edən tarixi mənalar, kəlam, rəmz və hikmətlər vardır.
“Azərbaycan” sözü kök və heca tərkibi ilə milli mənşəli söz kimi olduqca qədim dövrlərdən formalaşmışdır. Bütün bunlar isə Azərbaycanın qədim “As” yurdu olduğunu, Asların isə Azıx mağarasından bütün dünyaya yayıldığını təsdiq edən tarixi pasportdur.

Kamal GÜLMALIYEV
“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru