Azərbaycanda 57 yaşlı qadın 15 il sonsuzluq sonrası ana olub.

Elxeber.com xəbər verir ki, bu barədə məlumatı TƏBİB yayıb. Belə ki, qadın qurumun tabeliyində olan Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda arzusuna çatıb. 

Məlumatda bildirilib ki, bundan öncəki hamiləliyinin 21-ci həftəsində körpəsini itirən qadın ikinci hamiləliyinin 37-ci həftəsində ETMGİ-nin elmi katibi, həkim mama-ginekoloq t.ü.f.d., dosent Aynurə İsmayılovaya müraciət edib. Yüksək riskli hamiləlik, hamiləliyin hipertenziyası, uşaqlığın mioması kimi problemlərə baxmayaraq hamiləliyin 38-ci həftəsində A.İsmayılova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra edilib. Cərrahi doğuş çətin olsa da, əməliyyat uğurla sonlanıb və sağlam körpə dünyaya gəlib.

Ana əməliyyatdan üç gün sonra körpəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.