Bütün dünyada mağaza və ticarət mərkəzlərində olan endirimlər, o cümlədən “Qara cümə” endirimləri istehlakçını aldatmaq üçün bir jestdir.

Təəssüf ki, bu problem var və həyatımızın bir hissəsidir. 

Azad İstehlakçılar  Birliyinin sədri Eyyub Hüseynov belə deyir.

Mövzu ilə bağlı Elxəbər.com-a açıqlama verən sədr bir sıra məqamlara toxunub: “Endirim 70-80 faiz ola bilər. Mal partiyası satışdan çıxarıla, şirkət iflas ola bilər. Yaxud azad iqtisadi zonadan barter vasitəsilə mal alına bilər və s. 

Azərbaycanda isə endirimlərdən müştərini qapıdan içəri daxil etmək üçün istifadə olunur. Bizə gələn şikayətlərin təhlili göstərir ki, qapıdan içəri daxil olduqdan sonra hadisələr fərqli şəkildə cəryan edir. İstehlakçı bir malı seçir, qarşı tərəf endirimin həmin məhsula aid olmadığını deyir. Xüsusilə, texniki vasitələr, məişətdə işlənən cihazlarla bağlı bu problem olur. Yaxud da istehlakçı malı alır, evə apardıqdan sonra keyfiyyətsiz mal olduğunu görür. Dəyişmək və ya qaytarmaq istəyəndə deyirlər ki, yox sən bunu endirimlə alıbsan. Dəyişmirlər, qaytarmırlar”.

AİB sədri bildirib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, bütün malların üzərində maddi məsul şəxsin imzası olmaqla, rəsmi qiymət sənədi olmalıdır. Belə ki, istehlakçının malın əvvəlki qiymət sənədlərinə baxıb, sonrakı ilə müqayisə etmək hüququ var. 

E.Hüseynov vurğulayıb ki, istehlakçılar endirim fəndlərinə çox diqqətlə yanaşmalıdır: “Bəzən saxta malları, ərzaq sahəsində isə vaxtı ya keçmiş, ya da az qalmış, yaxud anbarda  xarab olan malları endirim adı ilə satırlar”.

Ekspert həqiqi endirim kampaniyalarının ola biləcəyindən də danışıb: “Bu halların olması o demək deyil ki, bütün endirim edənlər bu yollardan istifadə edir. Həqiqi endirim edənlər də olur.  Xüsusilə ərzaq maları alanda çox ehtiyatlı olmaq lazımdır. 24 ildir ki, istehlakçı hüquqlarını qoruyuruq. Bu illər ərizndə yalnız  bir firmanın 100 ton malını öz istəyi əsasında pliqonda məhv etmə prosesində iştirak etmişik”. 

“Buradan çağırış edirəm ki, digər firmalar da bu prosesə qoşulsunlar. KİV-lərin, ictimai təşkilatların iştirakı ilə vaxtı keçmiş məhsullarını məhv etsinlər. Daha etiketini dəyişdirib endirim kampaniyası adı altında istehlakçıları aldatmasınlar”-deyə AİB sədri əlavə edib.