Son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı sürətlə artır. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur. Statistik məlumatlar göstərir ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır.
Açıqlamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva verib.
O bildirib ki, dünya ölkələrinin çoxunda şəkərli diabet bilavasitə ölüm səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur: "Bu xəstəlik vaxtında müalicə olunmayanda, vaxtında profilaktiki tədbirlər görülməyəndə, çox ciddi fəsadlar törədir. Sirr deyil ki, şəkərli diabet insan orqanizminin bütün toxuma, orqanlar və sistemlərinə mənfi təsir göstərir. Bu fakt həm kompensasiyalı və həm də dekompensasiyalı xəstələrə aiddir".
Mütəxəssis koronavirusa yoluxmanın şəkərli diabet xəstələrinə təsirindən, ağırlaşma hallarından qorunma yollarından da danışıb: "Pandemiyanın ilk ili peyvənd olmadığına görə problemi həll etmək daha çətin idi. Eyni zamanda, ağırlaşmış formaların və ölüm hallarının azalmasını da əldə etmək çox çətin idi. Bir ildən çoxdur ki, artıq vaksinasıya başlayıb. Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ölkəmizdə proses aktiv getdiyinə görə artıq vaksinasiyadan keçənlərin arasında yoluxma sayı, xəstəliyin ağır gedişatlı formaları və ölüm sayı azalıb. Statistik olaraq, hər 3-4 aydan bir COVİD-19-un yeni ştammları aşkarlanır. Təbii ki, bütün sağlam insarlar kimi, şəkərli diabet xəstələri də yeni ştammlara yoluxur. Ancaq şəkərli diabet xəstələrinin immun sistemi zəif olduğuna görə, onlar bu infeksiya ilə aktiv mübarizə apara bilmir. Ağır gedişli formalara və ölüm hallarına həkimlər məhz yanaşı xroniki xəstəlikləri olan xəstələrdə rast gəlirlər".
Həkim bildirib ki, şəkərli diabet xəstələri COVİD-19-a qarşı peyvəndləmə kompaniyasında fəal iştirak etməlidirlər: "İlk növbədə endokrinoloqun qəbulundan keçib, tam müayinə olunub və kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdır. Planlı şəkildə hər şəkərli diabet xəstələri 6 aydan bir həkim-endokrinoloqun qəbulunda olmalıdırlar. “Check-Up” müayinə keçəndən sonra həkim qərar verir ki, pasient ikinci dozanı və yaxud “buster” dozanı vura bilər, yoxsa yox. COVID-19-un “Omicron” variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci dozadan və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar". Elxeber.com