“Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə memoranduma əsasən, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və İran ərazisindən Naxçıvana gedən avtomobillər üçün iki körpü tikiləcək”.
Bunu Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Şahin Mustafayev qeyd edib ki, bu körpülərin birini Azərbaycan, digərini isə İran inşa edəcək: “Müvafiq infrastruktur yaratmaqla tərəflər hər biri öz ərazisindən avtomobil yollarının tikintisini, təmir-bərpasını genişləndirməklə həyata keçirəcəklər. Beləliklə, Azərbaycanı Naxçıvanla birləşdirən yol təxminən 50-55 km olacaq. 50-55 km məsafədən sonra azərbaycanlıların Naxçıvana keçidi təmin olunacaq. Eyni zamanda, hesab edirik ki, bu yol təkcə lokal məqsədlərə deyil, böyük tranzit imkanlarına malik olacaq".
O qeyd edib ki, bu yol Zəngəzur dəhlizinin qolu kimi Ağbənddən sola dönəcək, Araz çayı üzərindən körpü tikiləcək və təxminən 50 km gedəndən sonra Ordubad rayonunun Kotam kəndi istiqamətində Azərbaycan ərazisinə, yəni Naxçıvana çatacaq.