Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar.

Elxeber.com xəbər verir ki, bu barədə “Caliber” yazıb.

Dövlət qurumlarının əməkdaşları Rusiya sülhməramlılarının qərargahında sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılmasını müzakirə edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.

Bu barədə bu gün ETSN-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 11:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunub.

"Danışıqların yekunları barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda bildirilib.