Yurdumuza bahar gəlir, ürəklər açılır. Elimizin insanları baharın gəlişini əski zamanlardan Novruz bayramı adı ilə qeyd edirlər. Bölgəmizdə qeyd olunan ən əski bayramlardandır Novruz. Bəzi mənbələrə görə, baharın gəlişinin bu şəkildə qeyd edilməsi Mesopotamiya mədəniyyətindən alınıb və zaman içində fars dilində olan Novruz (Yeni gün) adını alıb. Bu bayram müxtəlif millətlər tərəfindən mənimsənilib və milli bayram kimi qəbul olunub. Düşünürəm ki, Novruz bütöv bir coğrafiyanın bayramı kimi qəbul olunmalıdır.

Dediyim kimi, qaynağını haradan aldığı tam aydın deyil, ancaq hələ də bəzi millətlər onu özlərinə məxsus hesab edirlər.

Bir haşiyə çıxıb qeyd edim ki, yaşadığım Güney Azərbaycanın Marağa şəhəri vaxtilə Elxanilər dövlətinin paytaxtı olub. “Qızıl Günbəzi”, “Dairəvi Qülləsi”, tarixi “Marağa rəsədxanası” və bir çox başqa abidələriylə dünya şöhrətinə malikdir. 

Baxmayaraq ki, indiki vəziyyəti heç də o tarixi şöhrəti özündə əks etdirmir. 

Sufi çayı bu şəhərin həyat mənbəyidir. İndiki Marağa şəhərinin əksər hissəsi bu çayın şərqində yerləşir. Çayın kənarında ən azı 700 yaşı olan “Qaffariyyə Günbəzi” var.  

Şəhərimizin sakinləri qədimdən qalan adətə görə, İlaxır-Torpaq çərşənbəsində suyun üzərindən atlanmaq üçün buraya gələrlər. Düşünürəm ki, görəsən  Ağqoyunlu dönəmində-binanın tikildiyi zamanlarda da insanlar eyni qaydaya əməl edirdilərmi?  Övladlarının bu qədər dəyişəcəyinə, öz köklərindən gün keçdikcə daha çox uzaqlaşacağına inanardılarmı? 

Bu gün şəhərimizdə hələ də İlaxır çərşənbə axşamı tonqal qalanır, üstündən atdanılır. Amma bütün bunlarla yanaşı, bu şəhərin insanları sanki başqalaşmaqdadır. Bəzi özlərinə məxsus adətlərini unudur, zamanla yadırğayırlar. Məsələn, qurşaq sallamaq, qulaq falına çıxmaq kimi. 

Süfrəyə “S” hərfi ilə başlayan fars kökənli sözlərdən ibarət yeddi adda nemətin düzülməsi yeni dəbdir. Əvvəllər Bahar bayramında bu adət olmayıb. Məncə, bunlar kor-korənə yerinə yetirilən adətlərdir. Çünki bu yeni dəblər Novruzun əsl mahiyyətini, qədimdə xalqımız tərəfindən necə keçirildiyini arxa plana atır və zamanla unutturur. Yeni adətlərin formalaşması doğma ana dilimizdə olan sözlərin sıradan çıxmasına da təsir edir. 

Bayram günlərində şəhərin Çərşənbə bazarında izdiham olduğundan polis bazarın içində hərəkəti məhdudlaşdırır. 

Süfrəyə qoyulan nemətlər

Bayramda süfrəyə qoyulan əşya və nemətlər arasında duz, kibrit, süpürgə, ayna və s. var. Bunlar hər bir ailə tərəfindən bayramdan əvvəl alınar və hazırlıq görülər. Şəhərin müxtəlif yerlərində bu saydıqlarımı bol-bol satan satıcıları görə bilərsiniz.

Müxtəliv növdən olan qırmızı balıqların satılması isə böyük ehtimalla daha sonra dəb olan adətlərdəndir. Müasir həyat tərzi bəzi insanlarda səməni göyərtməyə, yumurta boyamağa maraq qoymayıb. Elə ona görə də səməni və boyanmış yumurta satanların sayı durmadan artır. 

Halbuki soğan qabığıyla boyanan yumurtanın ləzzəti başqa olurdu.

Əlbəttə ki, Çərşənbə bazarından danışıb, uşaqları unutmaq olmaz. Bayramda alınan yeni paltarlar və ayaqqabılar kimi bayram oyuncağı da qədimdən hər uşağın gözlədiyi ən gözəl bayram hədiyyəsi olub. Bütün qadağalara baxmayaraq atəşfəşanlıq üçün lazım olan vasitələrin satılması və alınmasında hamı maraqlı olur. İranda Novruz bayramı, həm də ölkənin rəsmi hicri təqviminə görə yeni ilin başlanması deməkdır. İlin təhvil olması rəsmi televiziyada təntənəli şəkildə qeyd olunur.

Ondan sonra bayram görüşləri başlayır. Bəzən beş-on dəqiqədən belə az zaman içində keçirilən “ayaqüstü” sayılan görüşlər olur. Hər kəs növbə ilə bir-birinə qonaq gedir. Bu görüşlərdə uşaqlara bayramlıq hədiyyələr, xərcliklər verilir. Qədimdən böyüklər soğan qabığıyla boyadıqları yumurtaları da bu görüşlərdə uşaqlara hədiyyə edərdilər.

Əli yüngül olandan "siftə" alınar

Bir başqa qədim inanca görə, insanlar bir-birindən, xüsusilə də böyüklərdən “siftə” alarlar. Yəni, ilin təhvil olmasından sonra yeni ildə ilk pulu, miqdarına baxmadan əlinin yüngül (bərəkətli) olduğuna inandıqları böyüklərdən alarlar ki, yeni ildə pullarına bərəkət qatılsın.

Yazıda zamanla qədim ənənələrin itməsindən, dilimizin solmasından danışdıq. 

Ancaq cəmiyyətin ziyalıları yeni ənənələrlə öz kimliklərini qorumağa çalışırlar. Bunlardan biri kimi yeni bayram hədiyyələri olaraq Türk dilində kitabların verilməsini məsləhət görürlər.

Yeri gəlmişkən, qeyd edim ki, böyük şairimiz rəhmətlik Məhəmmədhüseyn Şəhriyar bayram adətlərini “Heydər Babaya salam” şeirində yazmaqla gözəl adətlərin qorunmasına töhfə verib. 

Müəllif: Əli Pənahi Güney Azərbaycan Marağa şəhəri