Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının təqdim etdiyi sülh təkliflərinə cavab verib. Bu barədə Ermənistan XİN-in bəyanatında qeyd edilib.
Bildirilib ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə gün öncə Bakının İrəvana sülh sazişi ilə bağlı beş bəndlik yeni təkliflər paketi təqdim etdiyini və cavab gözlədiklərini bildirmişdi.
Qeyd edək ki, bu gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciəti ilə bağlı açıqlama yayıb.
Azərbaycan XİN bəyan edib ki, İrəvana təklif edilən paketdə 5 baza prinsip əks olunub:
- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Rəsmi Bakı qeyd edir ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.