Hazırda Azərbaycanın televiziya proqramları Türkiyə Respublikasının ərazisində "Azerspace-1" peyki üzərindən 11175/H/27500 tezliyində yayımlanır.

Bu barədə Elxeber.com-un sorğusuna cavab olaraq Azərbaycan Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) bildirilib.

Məlumatda qeyd olunub ki, "Azerspace-1" peyki orbitə buraxılmadan öncə (2013-cü ildə orbitə buraxılıb) Azərbaycanın televiziya proqramları Türkiyə ərazisində "Türksat 3A" peyki üzərindən yayımlanırdı. 

“Hazırda Azərbaycan televiziya proqramlarına baxa bilməməklə  bağlı müraciət edənlərin daha öncə "Türksat 3A" peyki vasitəsi ilə Azərbaycan televiziya proqramlarını qəbul edən şəxslər olduğunu güman etmək olar. Belə olan halda, həmin şəxslərə Azərbaycan televiziya proqramlarının Türkiyə Respublikasının ərazisində "Türksat 3A" peyki üzərindən deyil, "Azerspace-1" peyki üzərindən yayımlandığının bildirilməsi məqsədəuyğun hesab olunur”, -deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Türkiyə vətəndaşları tərəfindən redaksiyamıza Azərbaycan televiziya proqramlarına baxa bilməmələri ilə bağlı müraciət daxil olub. Bildirilib ki, əvvələr Azərbaycanın televiziya proqramlarını, xüsusilə muğamla bağlı verilişləri, xalqın taleyini əks etdirən sənədli filmləri maraqla izləsələr də indi bunu edə bilmirlər.