Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Məlumatı Müdafiə Nazirliyi yayıb.
Görüşdən əvvəl İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində görüş baş tutub. General-polkovnik Z.Həsənov qonaqları salamladıqdan sonra hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
B.Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.