Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların son qrupu bu gün Səudiyyə Ərəbistanına yola düşüb.

Bu barədə Elxeber.com-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, zəvvarlardan ibarət 12 qrup artıq Məkkə şəhərindədir, son qrup da bu gün gələcək. 

Şöbə müdiri qeyd edib ki, zəvvarlar Səudiyyə Ərəbistanına-Məkkə şəhərinə çatdıqdan sonra Kəbəni ziyarət edir, namaz qılır dualar edirlər:" Böyük Həcc ziyarəti, əsas ayinlər isə iyul ayının 8-də başlayacaq".

Qeyd edək ki, ilk zəvvar qrupu iyunun 29-da gedib.

Azərbaycanlı zəvvarlar üçün bu il 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9106 manat (5356 ABŞ dolları) təşkil edib. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR testi verib. Həmçinin, azı iki doza vaksin tələb olunur. 1957-ci ildən əvvəl anadan olan insanların Həcc ziyarətinə getməsinə icazə verilməyib.

Xatırladaq ki, son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.