Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın 102 yaşı tamam olur.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından biri olan AZƏRTAC 1920–ci il martın 1-də Cümhuriyyət parlamentinin qərarına əsasən Teleqraf Ajanslığı adı ilə fəaliyyətə başlayıb.
İlk milli xəbər agentliyi cəmi 58 gün müstəqil fəaliyyət göstərib. Lakin bu qısa müddətdə adını tarixə yazdıra bilib.
Təxminən 70 il sürən SSRİ imperiyası dövründə dəfələrlə struktur və ad dəyişikliyinə məruz qalması agentliyin keçdiyi yolun mürəkkəbliyindən xəbər verir.
AZƏRTAC-ın həyatında hərtərəfli dönüş 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başlayıb. Müasir texniki avadanlıqla təchiz olunan agentlik çox keçmədən SSRİ miqyasında öncül mövqelərə çıxdı, SİTA-nın informasiya buraxılışlarını qəbul edərək Cənubi Qafqaz respublikalarına ötürən mərkəzə çevrilib. Müttəfiq respublikaların informasiya agentlikləri arasında Ukrinformdan sonra məhz AZƏRTAC “Olivetti” markalı kompüterlərlə təchiz edilib.
Qeyd edək ki, 1992-ci il dekabrın 18-də tarixi adı bərpa olunan agentlik 2015-ci ildən Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC adlanır.
102 yaşlı AZƏRTAC builki ildönümünü Prezident İlham Əliyevin Sərəncamı ilə tikilərək ötən ilin sonlarında açılışı olmuş dünya standartlarına uyğun, hər cür şəraitə malik yeni binasında qeyd edir.