Yaxın günlərdə Bakı ilə Naxçıvan arasında təyyarə reyslərinə aviabiletlərin satışı yalnız onlayn şəkildə həyata keçiriləcək.

Elxeber.com xəbər verir ki, bu barədə Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) məlumat yayıb.

Bildirilib ki, biletləri aviaşirkətin rəsmi www.azal.az saytından əldə etmək mümkün olacaq.

Məlumatda qeyd olunub ki, bu dəyişiklik sərnişinin AZAL-ın kassalarında keçirdiyi vaxtını xeyli azaldacaq və biletlərin alınması prosesini daha asan və şəffaf edəcək.

Aviabiletlərin onlayn satışına tam keçidin dəqiq tarixi daha sonra açıqlanacaq.

Vurğulanıb ki, respublika daxilində reyslərə aviabiletlərin dəyəri Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə biletin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

“Mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün sərnişinlərdən diqqətli olmalarını və biletləri yalnız rəsmi internet saytından almalarını xahiş edirik”, - deyə məlumatda bildirilib.

Bundan əlavə, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvan hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər.

Qeyd olunub ki, AZAL hər gün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 4 müntəzəm reys həyata keçirir, tələbatdan və aviaşirkətin texniki imkanlarından asılı olaraq bu marşrut üzrə əlavə reyslər yerinə yetirilir.

Aviadaşımalar mövsümündə yüksək tələbat olsa da, bu marşrut üzrə uçuşların sayı bütün proqnozları üstələyir. Təkcə son bir həftə ərzində bu istiqamətdə hər gün 10-a yaxın uçuş yerinə yetirilib və gündəlik 2 mindən çox sərnişin daşınıb.