Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup şəxsin Nazirlər Kabinetinin qarşısında iyulun 13-nə təyin etdiyi aksiya ilə bağlı müraciətinə cavab verib.

Elxeber.com xəbər verir ki, aksiya təşkilatçılarına təqdim olunan cavab məktubunda BŞİH aksiyanın keçirilməsinə razılıq vermədiyini bildirib.

BŞİH müraciətə cavab olaraq bildirib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, toplantının keçirilməsi barədə müraciət 5 iş günü əvvəl edilməlidir.

Bu tələb pozulduğuna görə aksiyanın keçirilməsinə razılıq verilməyib.

Daxili İşlər Nazirliyi də iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin qarşısında aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

DİN-dən bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir.

Qeyd edək ki, iyulun 13-də bir qrup şəxs ölkənin quru sərhədlərinin açılması tələbi ilə Nazirlər Kabinetinin qarşısında aksiya keçirmək barədə çağırış edib.