Bakıda bal yarmarkası keçirilir. Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarmarka oktyabrın 1-dən 20-dək davam edəcək.  

Lerik rayonundan olan arıçı Ələkbər Salayev deyir ki, Lerik balı min bir dərdin dərmanıdır. 

Balakən rayonunun Qazma kəndindən olan Dilbazi Məmmədova 43 ildir arıçılıqla məşğul olur. Dediyinə görə, arıçılıqda ən vacib amil halallıqdır. "Əgər keyfiyyətli və bərəkətli məhsul almaq istəyirsənsə, işinə haram qatmaycaqsan", - deyə vurğulayır. 450 yeşik arısı olan Dilbazi ananın bütün ailəsi bu işlə məşğul olur. İldə 5-6 ton məhsul götürdüklərini, hazırda məhsulun kilosunu 25-30 manata satdıqlarını deyir.

Qax rayonu Zərnə kəndindən olan Nəsimi Qurbanov 10 ildir arıçılıqla məşğul olur: "Bakı şəhərində yaşayırdım, sahəmə uyğun iş tapa bilmirdim. Rayonda ata mülküm var idi. Arıçılıqla məşğul olmağa başladım. İndi artıq ildə 1000 kq-a yaxın məhsul əldə edirəm". Arıçı məhsulunun təbii olmasına xüsusi diqqət etdiyini, yanvar ayından başlayaraq arılara heç bir dərman vermədiyini xüsusi vurğulayır.

Balakən rayonundan olan gənc arıçı Rəşad Bayramov artıq 3 ildir bu işlə məşğul olduğunu deyir. Onun sözlərinə görə, arılardan yaxşı məhsul almaq üçün ilk növbədə işini sevməlisən.  

 

 

 

 

 

 

Elxeber.com