Nizami Kino Mərkəzində Azərbaycan Maarifçilər Assosiasiyası və Tutorlab-ın  birgə təşkilatçılığı ilə "İnnovativ Müəllimlərin I Şəbəkələşmə Görüşü" keçirilib.

Görüşdə respublikanın bütün şəhər və rayonlarından 500-ə yaxın innovativ maarifçi və müəllim iştirak edib.

Beynəlxalq Müəllimlər Günü münasibətilə təşkil edilən və iki hissədən ibarət olan tədbir şəbəkələşmə mövzusu ilə başlayıb. 

Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıqlının, Tutorlab-ın təsisçiləri  Azad Manaflı, Elmir Zahidli və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucovun çıxışların dinlənilib.

Müəllimlərin hər şeydən əvvəl savad və dünyagörüşü ilə böyük bir nəsil tərbiyə etdiyi vurğulanıb.

Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” kəlamını xatırladan çıxışçılar müəllim əməyinin əhəmiyyətindən danışıblar.

Vətənimizin ərazi bütövlüyünün müdafiəsində şücaət göstərərək şəhid və qazi olan bütün gənclərimizin ümumtəhsil məktəblərinin məzunları olduğu, onların təlim-tərbiyəsində, nümunəvi vətəndaş kimi yetişməsində dəyərli müəllimlərimizin əməyi olduğu xüsusi vurğulanıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə dəyər verdiyi və təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qaldığı qeyd edilib. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də bu gün milli təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığı, son illərdə ölkəmizdə yeni məktəb binalarının tikildiyi, bu prosesin paytaxtla yanaşı, bölgələri də əhatə etdiyi diqqətə çatdırılıb.

Daha sonra isə müəlllimlərlə birlikdə bədii film izlənilib.