Tədqiqatlara görə arıların yer üzündən yoxa çıxacağı təqdirdə bəşəriyyət 4 ildən sonra məhv olma təhlükəsi ilə üzləşər. Arılar dünya kənd təsərrüfatı istehsalının ən azı ⅓ hissəsində təsirli olur.

Amma son illər dünyada olduğu kimi Azərbaycanda da bal arıları arasında kütləvi tələf olma halları müşahidə olunur. Xüsusilə son 4-5 ildə arılar arasında kütləvi tələfat halları daha da artıb. Ərsəyə gətirdikləri məhsullar min-bir dərdin dərmanı olan bal arılarının məhv olmasına hansı amillər səbəb olur? Təbiətimiz üçün vacib funksiya daşıyan bal arılarını necə qoruya bilərik?

Mövzu ilə bağlı Elxeber.com-un suallarını Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi cavablandırıb.  

Müsahibimiz bildirib ki, arıların kütləvi şəkildə tələf olmasına bir neçə amil təsir göstərir. İlk növbədə iqlim amilini qeyd edən müsahibimiz əlavə edib ki,yağıntının və bununla bərabər rütubətin çox olması arılarda bəzi göbələk xəstəliklərinin yaranmasına səbəb olur: “Rütubətin çox olması arılarda göbələk xəstəliyi yaradır ki, bu da onları məhv edə bilir. Patoloji səbəblər də var. Arılarda virus, göbələk və yaxud bakterial xəstəliklərlə yanaşı, parazitlərin mövcudluğunu qeyd etmək olar. İnvaziv növlər var ki, arılarda pətəklərin sönməsinə səbəb olur.

Səbəblərdən biri kimi pestisid problemini göstərmək olar. Xüsusilə əkin sahələrinə yaxın yerləşən arıxanalarda bu hallar daha çox olur. Arıçılara xəbərdarlıq etmədən əkin sahələrində dərmanlama işləri aparılır ki, bu da arıların zəhərlənməsinə səbəb olur. Zəhərlənən arı kimyəvi maddə qalıqlarını özü ilə bərabər yeşiyə gətirməklə digər arıların da zəhərlənməsinə səbəb olur”.

Rəfiqə Qazinin sözlərinə görə, arıların əlverişsiz mühitdə, yol kənarında yerləşdirilməsi həm arıların özlərinə, həm də istehsal etdiyi məhsula zərər verir: “Arının yol kənarında yerləşdirilməsi məsləhət görülmür. Çünki asfalt örtüyü olan yerlərdə bitən bitkilərdə ağır metallar çox olur. Ağır metallar da arılara mənfi təsir göstərməklə yanaşı, məhsula keçir və insan sağlamlığına mənfi təsir göstərə bilir. Arı yeşiklərinin çökməsi sindromunu qeyd edə bilərik. Müxtəlif səbəblərdən ola biləcəyi kimi, heç bir xəstəlik olmadan da arıların yeşiyi tərk etməsi halları baş verə bilər ki, hələ indiyə qədər bunun tam olaraq səbəbi bilinmir”.

Tədqiqatçı bildirib ki, son dönəmlərdə aparılan tədqiqatlardan və arıçıların verdiyi məlumatlardan məlum olur ki, arıların məhvinə əsasən virus və göbələk xəstəlikləri daha çox yol açır. 

Rəfiqə Qazinin sözlərinə görə,virus xəstəlikləri zamanı hər hansı kimyəvi preparatdan istifadə etmək doğru deyil: “Virusla mübarizə üçün əsas vasitə immin sisteminin qaldırılmasıdır. Buun üçün arıçılar özləri xüsusi dəmləmələrdən, təbii maddələrdən istifadə edirlər”.

Azərbaycanda daha çox hansı bal arısı yarımnövləri yayılıb? 

Tədqiqatçı qeyd edib ki, Azərbaycanda Qafqaz bal arısı və İran arısı yarımnövləri daha geniş yayılıb: “Bu iki yarımnövdən əlavə arıçılarımız xaricdən digər məhsuldar arı yarımnövlərini də gətirirlər. Son dönəmlərdə İtaliyan, Anadolu, Avstriya arı yarımnövləri var. Ölkəmizdə saf arı yarımnövü qalıbmı? Bu sualın cavabı bir qədər müəmmalıdır. Bunu aydınlaşdırmaq üçün genetik təhlillər aparmaq olar. Çünki xaricdən gətirlən arılar ölkədə olan digər yarımnövlərlə hibridləşmiş vəziyyətdədir. Buna görə də saf Qafqaz yarımnövünü tapmaq asan deyil”. 

Bal arılarını necə qoruyaq?

Arıları qorumaq üçün məsuliyyət ilk növbədə arıçıların üzərinə düşür, deyən R.Qazi bildirib ki, arıçılarla yanaşı, fermerlər də diqqətli olmalıdır: “Arı ölümlərində pestisidlərin rolunu qeyd etmişdim. Pestisidlərlə zəhərlənmə hallarının olmaması üçün dərmanlama aparılmazdan iki gün əvvəl arıçılara xəbərdarlıq olunmalıdır. Onlar arıları qorumaq üçün həmin müddətdə arıları çölə buraxmamalıdır. Bundan başqa, arılara təmiz suyun verilməsi də vacibdir. Arı öz su ehtiyacını çirkab yerlərdən qarşılamamalıdır. Arı yeşiklərinə yaxın yerlərdə təmiz su qoyulmalıdır.

Bəzən proflaktik məqsədlərlə arılara kor-koranə dərman preparatları, xüsusilə də antibiotiklər tətbiq olunur. Yaxud da xəstəliyin mənşəyi, zəifliyin səbəbi bilinmədən antibiotik verirlər. Bu da arının mədə-bağırsaq sisteminin zəifləməsinə və nəticədə  immun sisteminin də zəifləməsinə səbəb olur. Bu hal isə arılarda itkilərə səbəb olur.Ona görə bu cür üsullardan kənar durmaq vacibdir”.