Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən “Azərsun Sənaye parkı“ kompleksinin ərazisində baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında dərhal Baş Prokuroluğun və FHN-nin əməkdaşları hadisə yerinə çıxıblar.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə edib.
Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və FHN-nin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb.

Qeyd olunub ki, yanğının lokallaşdırılması və söndürülməsi üzrə tədbirlər davam etdirilir.
Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək.