Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 32 il ötür.

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

1990-cı il yanvarın 19-dan 20-nə ke­çən gecə Bakıda sovet ordusu tərə­fin­dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı ha­di­sənin törədilməsində əsas məqsədlər­dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy­yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi.

O da məlumdur ki, 1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları etməklə yanaşı, azərbaycanlılara qarşı nifrət, etnik təmizləmə və soyqırım siyasəti yürüdürdü.

Ermənistanın təcavüzkar hərəkətlərindən və SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsindən hiddətlənən, buna öz qəti etirazını bildirən Azərbaycan xalqının iradəsini qırmaq məqsədilə dinc əhalinin üzərinə qoşun yeridilməsi Bakı və Sumqayıt şəhərlərində, habelə ölkəmizin digər şəhər və rayonlarında qırğınlara səbəb oldu. İnsanlıq əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl şəxslər amansızcasına öldürülüdü, 744 insan yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi. 

Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız in­san­ların gülləbaran edilməsi əməliy­yatı  SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təx­ribat qrupları tərəfindən təşkil olun­muş­du. Bu, Azər­baycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sın­dırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet impe­riyasının rəhbərliyi Bakıda “er­məni kartından” məharətlə istifadə etdi. Gu­ya Bakıya qoşun onları, hərbi qulluq­çuların ailə­lərini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riya­karlıq, imperiyanın növbəti qəddar­lığını ört-basdır etmək üçün qabaq­cadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlil­ləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlan­dırıl­mış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusi­yasının 71-ci maddələrini kobud şə­kildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziya­sının enerji blokunu partlatdı, respubli­kada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı.