Həcc fərzlərini yerinə yetirmək üçün müqəddəs torpaqlara gedən 1 milyona yaxın müsəlman hacı olub.
Elxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəlcə Ərəfatda vəqfdə dayanan zəvvarlar, daha sonra avtobusla Müzdəlifəyə gedib, dualar edib və şeytana atılacaq daşları yığıblar.

Müsəlmanlar gecə yarısından etibarən 3,5 kilometrlik yolu qruplar halında ayaqla gedib və  Cəmərətdəki şeytan daşlama sahəsində böyük şeytan olaraq ifadə edilən əqəbəyə 7 daş atıblar.

Zəvvarlar uzun yoldan sonra çatdıqları Kəbədə təvaf, daha sonra təraş edib və  ehramdan çıxıb. Beləliklə, vəzifələrini yerinə yetirən müsəlmanlar hacı olublar. Zəvvarlardan bəziləri səhər və bayram namazlarını Kəbədə qılıb.

Qeyd edək ki, 2020 və 2021-ci illərdə xaricdən zəvvar namizədlərini qəbul etməyən Səudiyyə Ərəbistanı səlahiyyətliləri, bu il yaşı 65-dən aşağı olan 1 milyon zəvvar namizədini qəbul edəcəklərini açıqlamışdı. Azərbaycanlı zəvvarlar üçün bu il 680 nəfərlik kvota ayrılıb.