Bitki çayları müalicəvi əhəmiyyətə malikdir. Xüsusilə, son illər bitki çaylarından istifadə ölkəmizdə də artıb. Mütəxəssislər isə xəbərdarlıq edir ki, bitki çaylarının faydaları ilə yanaşı, ziyanlı tərəfləri də var. Ona görə də çaylardan kor-koranə istifadə ciddi fəsadlara səbəb ola bilər.

Elxeber.com xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya tanınmış həkim-diyetoloq Leyla Zülfüqarlı danışıb.

Hər bir qidanın, mayenin qəbulunda ölçüyə əməl olunmasının vacib olduğunu vurğulayan diyetoloq bildirib ki, insanlar bitki çaylarından istifadə zamanı çox vaxt normaya fikir vermirlər:

“Neytral tərkibli suya ölçü qoyuruqsa, bitki çayları üçün də bu qayda olmalıdır. Hər bir otun müalicəvi təsiri var. Amma təəssüflər olsun ki, insanlar bitki çaylarının müalicəvi olduğuna inansa da, istifadə qaydasına çox da əhəmiyyət vermirlər.
Qış fəsli başlayan kimi qrip, digər infeksiyalardan yaranan xəstəliklər artır. İnsanlar başlayır zəncəfil dəmləyib içməyə. Amma bu bitkilərin hər birinin norma və hazırlanma qaydası olmalıdır”.

Həkim bildirib ki, bitki çaylarının dəmlənməsi də vacibdir:

“Yaşıl çayın dəmlənmə texnikası, qara çaydan fərqlidir. Qarğıdalı saçağı, melisa, yarpız, məkkəgülü, çobanyastığı və s. saysız bitki çayları var ki, hamısı qaynar su ilə yox, 90 dərəcə temperaturda dəmlənməlidir. Bitki toxumlarından olan çayları isə qaynatmaq və ya yüksək temperaturda dəmləmək olar”.

Bəs, çayların qarışdırılması hansısa fəsada yol açırmı?

Həkimin sözlərinə görə, yaşıl çay antioksidantlarla zəngindir, amma ölçü olmalıdır:

Antioksidant bədəndəndə toksinlərə qarşı bir zireh rolunu oynayır. Toksinləri sanki süngər kimi özünə çəkir və neytrallaşdırır. Buna görə də onları qəbul edəndə sağalırıq. Amma bunun da ölçüsü olmalıdır. Sarıkök də həmçinin.

Bir çay qaşığı sarıkökün antioksidant dəyəri çox yüksəkdir. Həmin gün insan sarıköklə bərabər başqa bitki çaylarını da istifadə edirsə, problemlər yarana bilir. Qarışdırılmış bitki çayları bağırsaqların sürətlənməsi, ishala yol aça bilir. Təzyiqin aşağı düşməsi olur. Zəncəfil dəmləməsini təzyiqi yuxarı olanlara tövsiyə edirik.

Aşağı təzyiqli insanlara məsləhət deyil. Yaxud yaşıl çaya zəncəfil qatırlar. Yaşıl çay təzyiqi salır. Əlavə ora zəncəfil də qarışdıranda problem yaranır. Qastriti olanlar, mədə xəstəlikləri olanlar zəncəfili yuxarı dozada istifadə edərsə, selikli qişanın qıcıqlanması baş verir. Darçını gündə bir çay qaşığı qədər istifadə etmək olar.

Zəncəfil toz halında istifadə olunursa, gündə yarım çay qaşığı istifadə etmək olar. Əgər təzyiq aşağıdırsa, mədə, öddaşı problemi varsa zəncəfil olmaz. Razyana çayı, darçın, çobanyastığı, melisa içmək olar. Bütün bitki çaylarını ayrı-ayrı dəmləyib içmək məqəsəduyğundur.
Ölkəmizdə bitki çaylarından az istifadə olunur. Daha çox qara çay içirik. Ona görə çox vaxt davamlı bitki çaylarının faydasından danışırıq. Amma bəzən də bitki çaylarına keçəndə, xeyirdir, deyib daha çox istifadə edirlər. Qara çay gündə bir- iki stəkan içib, qalan boşluğu faydalı bitki çaylarından doldura bilərik”.