Bu gün Azərbaycanda Bahar bayramı-Novruz qeyd olunur. Yeni gün mənasını verən Novruz qədimdən yudumuzda müxtəlif el şənlikləri ilə qeyd olunub. 

Novruz Azərbaycan xalqının  zəngin maddi və mənəvi dəyərlərinin  mühüm bir hissəsini özündə ehtiva edən  mədəniyyət hadisəsidir. “Novruz”un tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni  köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi bu gün də Azərbaycanda, Türkiyədə və Orta Asiya türk dövlətlərində Novruz mart ayında  bahar bayramı kimi qeyd olunur.

AMEA Folklor İnstitutu Mərasim folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə  doktoru Ağaverdi Xəlilovun sözlərinə görə, dünya xalqları mövsümə münasibətdə müxtəlif baxışlar nümayiş etdirirlər. Bunların içərisində yazı qarşılayanlar, onun gəlişinə sevinənlər, şənlik edənlər və qışı qarşılayıb mərasim keçirənlər vardır. Türk xalqları yazı qarşılayan, qışı isə yola salan xalqlardandır: "Bizim mərasimlərimiz də mövsümlə əlaqəli olaraq iki hissəyə ayrılır, bunlardan biri qışın yola salınması ilə bağlıdır, digəri isə yazın qarşılanmasını özündə əks etdirir. Biz dekabırın 21-dən fevralın 1-dək olan qışın 40 günlük hissəsini-  Böyük çiləni  Çiləçıxdı mərasimi ilə qeyd edirik. Bundan sonra fevralın əvvəllərində Xıdır Nəbi mərasimini keçiririk. Fevralın 20-də 20 günlük Kiçik çiləni qeyd edirik və qışın əsas hissəsini yola salmış oluruq. Bundan sonra 30 günlük Boz ay başlanır və Novruza qədər olan dörd həftədə dörd İlaxır çərşənbə qeyd edilir. Buradakı yolasalma və qarşılama hadisələri türk xalqlarının mövsüm mərasimlərinin əsas xüsusiyyətlərindən biridir.  Türk xalqlarının hamısı yaşadığı coğrafiyadan asılı olmayaraq yazın qarşılanması ilə bağlı mövsüm mərasimləri icra edirlər. İbtidai mədəniyyət dövründən gələn  arxaik ritual əsaslı mərasimlərdə dünyanın digər xalqları ilə tipoloji bənzərliklər müşahidə etmək mümkündür.  Bayramın əsas komponentləri isə türk xalqları və bayramın coğrafiyasına daxil olan mədəni arealın nümayəndələri olan xalqlar ilə ortaqdır. Bununla yanaşı hər bir xalqın və bölgənin bayram adətlərində lokal elementlər də mövcuddur. Baharın gəlişi, havaların istiləşməsi, qarların əriməsi, təbiətin canlanması bütün xalqlarda olduğu kimi türklərə də dərin təsir etmiş, həyəcanlandırmış və bu dəyişikliyi müxtəlif mərasimlərlə qeyd etmələrinə səbəb olub".

Araşdırmaçı bildirir ki, “Novruz”un əsasında dayanan ilk xalq təqvimi yaz mövsümünü bildirir. Müxtəlif dövrlərdə bu təqvimlər astroloji baxımdan təkmilləşdirilib.  1074-1075-ci illərdə   İsfahan, Bağdat, Rey ve Nişaburda rəsədxanalar qurduraraq bir təqvimin təsbitini əmr edən böyük Səlcuqlu sultanı Məlikşah Cəlali təqvimi deyilən bir türk təqvimi hazırlatdırmışdır. Bu rəsədxanalarda Ömər Xəyyam, Əbül Müzəffər İsfirazı, Mömin ən Nəcib əl Vasti kimi dövrün alimləri işləmişdir. Qısa bir müddət işlənən (Məlikşahın ölümünə qədər) bu təqvimə Sultanın adına görə “Cəlaliyə”, “Tarixi-Cəlali”, və ya “Tarixi Məliki” adları verilmişdir. Günəş ilini əsas götürən Cəlali təqvimində günəşin qoç bürcünə girdiyi gün (Novruz) ilbaşı olaraq qəbul edilmişdir. Səlcuqlulardan sönra bölgədə hakim olan Elxanilərin zamanında bu təqvim üzərində düzəlişlər edilmiş və “Tarixi Elxan” adı verilən bir təqvim meydana gəlmişdir. 1925-ci ilin 31 martına qədər bu türk təqvimi İranda işlənmişdir. Məlikşahın hazırlatdırdığı Cəlali təqvimi Əfqanıstanda son zamanlara qədər istifadə olunmuşdur. Bugünkü İran və Əfqanıstanda ilbaşını Novruz olaraq qəbul edən təqvim Cəlali adlı türk təqviminin dəyişik bir şəklidir.

Qeyd edək ki, yaz fəsli Azərbaycanda bu gün saat 19:33-də başlayacaq. Bu gün evlərdə gözəl süfrələr açılır, küsülülər barışır, ailə böyükləri ziyarət olunur, uşaqlar sevindirilir.  Novruzun bir-birindən gözəl və mənalı adət-ənənələri olduğu kimi yaşadılır və gələcək nəsillərə ötürülür.

Bahar bayramınız mübarək olsun!