Azərbaycanda hər 1 milyon əhalinin 700-800 nəfəri böyrəklərin xroniki xəstəliyindən əziyyət çəkir.

Elxeber.com xəbər verir ki, bu barədə açıqlamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Fariz Babayev verib.

Fariz həkim böyrəklərin xroniki xəstəliyinin yaranma səbəblərindən danışıb. O bildirib ki, xəstəliyin yaranma səbəbləri müxtəlifdir:"Böyrəklərin xroniki xəstəliyinin yaranmasında qlomerulonefrit (böyrək glomeruli (glomerulus) zədələnməsi ilə xarakterizə olunan böyrək xəstəliyi) 26-28, şəkərli diabet 23-27, arterial hipertoniya xəstəliyi (sistolik qan təzyiqinin artması sindromu) 15-16, xroniki pielonefrit (süst gedişli,arabir kəskinləşmə verən böyrək parenximasının və böyrək ləyəninin bakterial iltihabi xəstəliyi)  13-15, polikistoz xəstəliyi (yumurtalıq funksiyasının pozulması ilə müşayiət olunan poliendokrin sindrom) 4-6, uroloji səbəblər 4-5, digər səbəblər isə 2-3 faiz təşkil edir".

Mütəxəssis qeyd edib ki, xroniki böyrək xəstəliklərinin statistikası bir milyon əhaliyə nəzərən hesablanır. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdən - Yaponiya, Almaniya kimi ölkələrdə bir milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək çatışmazlığı olan xəstə düşür: "Azərbaycanda isə bu rəqəm 700-800 nəfər civarındadır. Onlardan 40-45%-i (təxminən 3700 xəstə) böyrəklərin xroniki xəstəliyi səbəbindən hazırda aktiv formada böyrək əvəzedici terapiyanın (BƏT) bir növü olan proqram hemodializ müalicəsi qəbul edirlər.

Həmin xəstələr vaxtında həkimə müraciət edərək narahatlıqlarının qarşısını ala bilərlər. Xroniki xəstələr mütəmadi həkim nəzarəti altında qalırlar.

Qeyd edim ki, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 43 hemodializ mərkəzi 800 “süni böyrək” cihazı ilə təchiz olunub. Xəstələrə 256 həkim-nefroloq və 458 tibb bacısı xidmət göstərir".

-F.Babayev xəstəliyin əlamətləri haqqında da danışıb. Bildirib ki, xroniki böyrək xəstəliyinin subyektiv və obyektiv əlamətləri var: "Subyektiv simptomlara ümumi zəiflik, halsızlıq, iştahasızlıq, yuxunun pozulması, dəri qaşınması, sidiyin miqdarının azalması, aşağı ətraflarda ödemlər, ürəkbulanma, qusma, əzələ qıcolmaları, oynaqlarda ağrı, periodik olaraq arterial təzyiqin artması və s. daxildir.

Obyektiv simptomlara isə anamnez, instrumental, laborator müayinələrin nəticələrinə əsasən qanda kreatininin, sidik cövhəri, qalıq azotu, sidik turşusunun səviyyəsinin artması, elektrolit (K, Na, Ca, F) və turşu-qələvi balansının pozulması, anemiyanın yaranması daxil edilir".

Xəstəliyin hansı səbəbdən yaranmasına gəlincə isə həkim "böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır",-deyə vurğulayıb.

Onun sözlərinə görə, anadangəlmə böyrək qüsurları, böyrəklərin iltihabi xəstəlikləri, immun xəstəlikləri, hər hansı maddələrlə zəhərlənmələr, anadangəlmə uroloji patologiya, böyrək daşı xəstəliyinin müalicəsinin uzun müddət düzgün aparılmaması və s. böyrək çatışmazlığına səbəb olan amillərdir: "Ona görə də hansısa böyrək xəstəliyi olan xəstə hətta böyrək çatışmazlığı olmazsa belə, ildə heç olmasa 2 dəfə yoxlanılmalıdır.

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur.

Böyrəklərin xroniki xəstəliyinin ilkin mərhələlərində konservativ müalicə təyin edilir. Xəstəlik aşkar olunan xəstələrdə ürək-damar çatışmazlığı, beyin qan-dövranı pozulmaları (ensefalopatiya), mədə-bağırsaq pozulmaları və intoksiaksiya halları yaranır. Eyni zamanda, bütün xəstələrdə qanda kreatininin səviyyəsi yüksək qeyd olunur. Şəkərli diabeti olan xəstələrdə qanda kreatinin səviyyəsi 5 mg/dl, digər xəstələrdə isə 6 mg/dl-dən yüksək olduğu halda böyrək əvəzedici terapiya müalicə növü seçilir".