Bu gün Məhərrəm ayının 10-cu günü-Aşura qeyd olunur. 

Elxeber.com xəbər verir ki, ölkədə son illər Aşura günündə qanvermə aksiyaları keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə gerçəkləşən və xalq tərəfindən təqdir edilən aksiya zamanı Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsi hesab olunur.

Qeyd edək ki, bu il avqustun 8-də ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçiriləcək.

Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı “Təzə Pir” məscidində qanvermə aksiyası olacaq.

Bölgələrdə isə Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində qanvermə aksiyası keçiriləcək.

QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırıb ki, “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına əməl edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.

Bildirilib ki, son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq Məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr görülən tədbirlər barədə hesabatlarını QMİ-yə təqdim etməlidirlər.