Bu gün Azərbaycan xalqı Vətən müharibəsində qazandığı zəfərin ikinci ildönümünü qeyd edir.

8 Noyabr - Zəfər günü tariximizə qızıl hərflərlə yazılıb. Qarabağ Zəfəri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Rəşadətli Ordumuz 30 illik işğala 44 gündə son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. 

Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin illər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Füzuli, Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu.

Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu.

Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi.

Qələbənin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad idi. Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən bu müjdəni verdi. 

Şuşanın azad edilməsi ilə əslində müharibənin taleyi həll olundu. Noyabrın 9-da, cəmi bir gün ərzində Laçın rayonunun kəndləri də daxil olmaqla, 70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumiyyətlə, Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub.

8 Noyabr - Zəfər Günü münasibətilə bu gün Bakı şəhərinin mərkəzi küçə və meydanlarında, eləcə də Şuşada hərbi orkestrlərin müşayiəti ilə Müdafiə Nazirliyinin şəxsi heyətinin yürüşləri keçirilir.

Axşam saatlarında isə Zəfər Gününə həsr edilmiş bayram konserti və atəşfəşanlıq olacaq.