Bu gün Beynəlxalq Ana Dili Günüdür.

Belə ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Ana Dili Günü 1999-cu ildə Banqladeşin təşəbbüsü ilə UNESCO tərəfindən elan olunub.

Beynəlxalq Ana Dili Gününün tarixi 1952-ci ildən başlayır. Banqladeşli tələbələrin şərqi Pakistanda öz ana dilinin (benqal dili) rəsmi dil olması uğrunda mübarizəsi ilə bağlıdır. 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbə həlak olur. Banqladeş nümayəndələri fevralın 21-ni həmin gənclərin xatirəsinə ehtiram əlaməti kimi ana dili günü adlandırılması üçün UNESCO-ya müraciət ediblər. 1999-cu ilin noyabrında UNESCO Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə tövsiyə olunub ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. İnsanın təkamülündə böyük rolu olan ana dilinin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hər kəsi bu cinayətə qarşı birləşməyə səsləyir.

Azərbaycanda zaman-zaman yazı və rəsmi dil kimi başqa dillərə üstünlük verilsə də, xalq öz ana dilini qoruyub, inkişaf etdirib.

Sövet dövründə-1970-ci ildə Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Bundan sonra ana dilimiz dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dilində milli-mənəvi anlamda özlərini daha yaxşı ifadə edə bilməsi baxımından atılan daha bir addım olub.