14 fevral-Beynəlxalq Kitab Bağışlama Günü kimi dünyanın bir çox ölkələrində qeyd edilir. Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb. Bu, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.

Qeyd edək ki, bu fikri Emmi Brodmura onun balaca oğlu verib. O, anasından nə üçün insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmadığını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın müxtəlif istiqamətlərinə göndərilir və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Son illər Azərbaycanda da bu günlə bağlı müxtəlif tədbirlər keçirilir.