Bu gün Naxçıvanda Xıdır Nəbi bayramı qeyd edilir.

Muxtar Respublikada ən çox sevilən bayramlardan biri olan Xıdır Nəbi ilə bağlı yaşadılan maraqlı adətlər mövcuddur.

Rəvayətə görə, Xızır peyğəmbər həmin gün yurdumuza gəlir, özü ilə istilik, yaz nəfəsi, elə şəfa gətirir. Bu, Tanrının  yurdumuza olan lütfündən yaranmış inamdır.

Mərhum tarixçi-etnoqraf, tarix elmləri doktoru Qadir Qədirzadə öz araşdırmalarında yazırdı ki, Naxçıvanın bir sıra kəndlərində və Naxçıvan şəhərində fevral ayında, yəni kiçik çillə tüğyan etdiyi vaxt xalq arasında Xıdır Nəbi adlanan mərasim keçirilir. Etnoqrafik mənbələrə söykənərək demək olar ki, bayram kiçik çillənin onuncu günü, yəni fevralın 9-da qeyd olunur. Həmin mərasimlərin məqsədi istiliyi çağırmaq, qışı yola salmaqdır.

Naxçıvanda Xıdır Nəbinin ərzaq kimi əsas simvolu qovurğa və qovut hesab edilir. Həmin gün evlərdə qovurğa ilə bərabər çətənə, küncüt, günəbaxan tumu, şabalıd, badam, noxud qovrulur. Qovrulmuş toxumlar buğda qovurğası ilə qarışdırılır. Qarışığa iydə, kişmiş, mövüc və başqa çərəzlər də qatılır. Qovurğa kirkirədə çəkilir və qovut hazırlanır. Quru qovutu yemək çətin olduğundan ona doşab, şəkər tozu əlavə edib ovurlar.

Elxeber.com Naxçıvan televiziyasının Xıdır Nəbi bayramının bütün ənənələrini özündə cəmləşdirən videomaterialını təqdim edir: