Bu gün Azərbaycanda Su çərşənbəsi qeyd olunur.

Qədim zamanlardan Novruz təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə də çox böyük önəm verir.

Belə bir inam var ki, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın - Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri yaranıb.

Bu il ölkəmizdə birinci çərşənbə fevralın 22-si, ikinci  martın 1-i, üçüncü  martın 8-i, dördüncü-sonuncu çərşənbə isə martın 15-də qeyd olunacaq.

Yaz fəsli (Bahar) isə martın 20-si saat 19:33-də başlayacaq.

Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Xalq inamına görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

Su çərşənbəsi suya tapınma ilə başlayır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

Qədim adətlərə görə günəşin şəfəqdə göründüyü vaxtda onun şüalarının sığal çəkdiyi su daha təmiz, daha müqəddəs sayılardı. Bu suda yuyunan adam mütləq diləyinə çatardı. Belə hesab edirlər ki, Xızır peyğəmbərin dirilik çeşməsindən su içdiyi və Koroğlunun Qoşabulaqdan köpüklü su götürdüyü gün məhz Əzəl – Su çərşənbəsi günü olub.

Təmiz arzu və duyğuları özündə birləşdirən Su çərşənbəmiz mübarək olsun!