Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 150 uşaq övladlığa verilib. Onlardan 79-u oğlan, 71-i qızdır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Elxeber.com-a verilən məlumata görə, övladlığa götürülmüş uşaq 18 yaşına çatanadək ailədəki vəziyyəti, inkişaf səviyyəsinin öyrənilməsi üçün monitorinqlər aparılır.

Proses övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə həyata keçirilir. 

Məlumatda qeyd olunub ki, bu il 771 uşağın övladlığa verildiyi ailələrdəki vəziyyəti monitorinq edilib.

Bu il, həmçinin reinteqrasiya tədbirləri nəticəsində 73 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.

Qeyd edək ki, 2019-cu il noyabrın 1-dən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra övladlığagötürmə sahəsində elektron infrastruktur üzərində yeni müasir idarəetmə sistemi yaradılıb. Həmin vaxtdan 152-si oğlan, 146-sı qız olmaqla 298 uşaq övladlığa verilib.