Səudiyyə Ərəbistanı bu il qəbul edəcəyi zəvvarların sayını 1 milyona çatdırıb. Yaşı 65-dən aşağı olan və tam peyvənd olunmuş şəxslər Həcc ziyarətinə gedə biləcəklər.
Elxeber.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi açıqlama verib.

Ziyarət üçün Səudiyyə Ərəbistanına səyahət edən hər bir sərnişin son 72 saat ərzində alınan mənfi PCR test nəticəsini təqdim etməli olacaq.

Nazirlik həmçinin zəvvarlara müqəddəs torpağa səfərləri zamanı COVID-19 epidemiyası ilə bağlı tədbirlərə riayət etmələri barədə xəbərdarlıq edib.

Qeyd edək ki, COVID-19 epidemiyası səbəbindən Səudiyyə Ərəbistanı 2020-ci ildə yalnız məhdud sayda yerli zəvvarları qəbul edib.

Ötən il ölkə daxilindən 60 min insanı qəbul edən Səudiyyə Ərəbistanı xaricdən heç kimin alınmayacağını açıqlamışdı.