Siqaret çəkmək dünyada ölüm səbəbləri arasında ilk sıralara çıxır. Sadəcə bir siqaretin tərkibində 4000-dən çox kimyəvi maddə var. Tədqiqatçılar son illərdə alternativ olaraq təklif edilən elektron siqaretlərin də ağciyər, beyin, ürək və bağırsaqları zədələdiyini bildirir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 19 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyon insan bu xəstəlikdən dünyasını dəyişir.

Mütəxəssislər xərçəngin oxşar gedişatının davam edəcəyi halda, 2040-cı ildə 29,5 milyon yeni xəstələnmə halının ortaya çıxacağını proqnozlaşdırırlar. Ağciyər xərçəngi xərçənglə bağlı ölümlər siyahısında birinci yerdədir. 

Ağciyər xərçənginin təxminən 90 faizi tütün və tütün məmulatlarının istifadəsi nəticəsində yaranır.

Elxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sağlamlıq Elmləri Universitetinin İzmir Tibb Fakültəsi Sinə Xəstəlikləri kafedrasının və Türk Ağciyər Dərnəyi Mərkəzi İdarə Heyətinin üzvü Dos. Dr. Berna Kömürcüoğlu ağciyər xərçəngi ilə siqaret arasında birbaşa əlaqə olduğunu açıqlayıb: "Ağciyər xərçənginin 90%-i siqaretlə əlaqədardır. Gündə 1 paket və daha çox siqaret çəkənlərdə bu nisbət daha yüksəkdir. Genetik quruluşu, ətraf mühit faktorları və ailəsində xərçəng olan insanlarda risk daha yüksəkdir".

Qeyd edib ki, elektron siqaretlər siqaretin çoxsaylı zərərlərinə alternativ olaraq göstərilsə də, araşdırmalar elektron siqaretlərin ən az adi siqaretlər qədər zərərli olduğunu göstərib.

Belə ki, ABŞ-da aparılan bir araşdırmada, kartric aromalı elektron siqaretlərin demək olar ki, bütün orqanlarda iltihabı artırdığı görülüb.

Patronlu yeni nəsil məhsulların beyindən bağırsağa qədər bir çox orqanlara mənfi təsir etdiyi elmi şəkildə sübut edilib.

Berna Kömürcüoğlu elektron siqaretlərin asılılığı davam etdirdiyini də deyib: "Elektron siqaretlər əslində siqaret sənayesinin siqareti əvəz etməyi və asılılığı davam etdirməyi hədəfləyən məhsullardır. Tərkibində tütün olmayan, amma ətirli və yağlı maddələri qızdıraraq tüstünün çıxmasına səbəb olan bir məhsuldur. Bunun ağciyər xərçəngini artırdığına dair əlimizdə dəqiq məlumat yoxdur, amma popkorn ağciyər və interstisial ağciyər xəstəliyi kimi ciddi xroniki xəstəliklərə səbəb ola bilər. Elektron siqaret əl və dodaq vərdişlərini, psixoloji vərdişləri davam etdirir. Ona görə də əsla tövsiyə etmirik".

Həkim vurğulayıb ki, siqaret tüstüsünə passiv məruz qalma da ağciyər xərçəngi riskini artırır.

Belə ki, siqaret tüstüsünə passiv məruz qalan insanlarda ağciyər xərçənginə tutulma riski 20-30 faiz artır.

Kömürcüoğlu, passiv siqaret çəkənlərin yüzdə 20-30-da ağciyər xərçəngi və siqaretlə əlaqəli digər xərçəng növlərinin ola biləcəyini deyib: "Siqaretin tərkibində 4000-dən çox kimyəvi maddə var. Siqaret yandırıldıqda ucundan çıxan yanma məhsulları 70-dən çox xərçəng xəstəliyinə səbəb olur. Siqaret çəkməyi dayandırdıqdan 10 il sonra ağciyərlərin funksiyaları tədricən yaxşılaşmağa başlayır. Siqareti tərgitdikdən sonra təsirləri 10-20 il ərzində azalır. Amma ağciyər xərçəngi siqareti tərgitdikdən 20 il sonra da görülə bilər, xüsusilə də keçmişdə 10-15 il kimi güclü siqaret çəkmə tarixi varsa. Çünki siqaret DNT-ni korlayır və bunlar zamanla digər faktorlardan asılı olaraq xərçəngə çevrilir. Gənc yaşda siqaretə heç başlamamaq lazımdır”.