Azərbaycanda bundan sonra Jurnalistika ixtisası üzrə magistr təhsili almaq mümkün olacaq.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bildirilib ki, hazırda ölkədə müxtəlif sahələr üzrə əsaslı biliklərə, bacarıq və səriştələrə malik olan, daha dərin təhlillər aparmağı bacaran jurnalistlərə olan tələbatı ödəmək məqsədilə magistratura səviyyəsində Jurnalistika ixtisaslaşmasının açılmasına ehtiyac duyulur. Bununla əlaqədar Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə ali təhsilin magistratura səviyyəsi üzrə mövcud ixtisaslaşmaların siyahısına Jurnalistika ixtisaslaşması əlavə edilib.

Bundan əlavə, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs üzrə Hüquq və İnsan Haqları İnstitutuna fəlsəfə doktoru və elmlər doktoru üzrə doktorantura səviyyəsi yaratmaq səlahiyyəti verilib. Nazirlər Kabineti bununla bağlı “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib